Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı qadına ev bağışladı
Çeçenistan rəhbəri rəhbəri Ramzan Kadırov Azərbaycanda tapılaraq sığınacaqda məskunlaşdırılan yaşlı qadına ev bağışlayıb.
Minval.İnfo xəbər verir ki, Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Gədəbəy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib.
Mədinə Əliyeva Çeçenistandan Kərbəla ziyarətinə getmək üçün yola çıxdığını, lakin üç qadın tərəfindən aldadılaraq Azərbaycana gətirildiyini deyib. O, tapılan zaman deyib ki, 200 dollar pulu, sənədləri və qulağındakı qızıl sırğaları oğurlanıb.
Bundan sonra Mədinə Əliyeva haqqında Azərbaycan DİN-ni tərəfindən Dağıstan və Çeçenistana sorğu göndərilib. Məsələ geniş müzakirəyə çıxarılıb. Minval.İnfo-nun məlumatına görə, bu haqda xəbər tutan R.Kadırov 104 yaşlı qadına yeni ev bağışlayıb.

Ölkə rəhbəri yaşlı qadınla görüşmək üçün Bakıya nümayəndə heyəti də göndərib. Görüş zamanı qadına lazım olan əşyalar və qida məhsulları verilib. Kadırov bildirib ki, həmin qadın Çeçenistanda heç vaxt sənəd almayıb və heç bir yerdə qeydiyyatda deyil. Yaşı ilə əlaqədar nəyisə qarışdıra və ya unutmuş ola bilər:
“Bu fakta baxmayaraq, ona bütün lazımi yardım göstəriləcək. Həftənin birinci günü Rusiyanın Azərbaycandakı səfirliyi vasitəsilə Əliyevanın Çeçenistana gətirilməsi məsələsi həll olunacaq. Önəmlisi odur ki, Əliyevaya təcili kömək lazımdır və bu yardım ona göstəriləcək. Vacib deyil haradandır. O gücsüzdür, tənhadır, buna görə də harada yaşamasından asılı olmayaraq qayğısına qalmaq lazımdır”.
Mədinə Əliyevaya hədiyyə edilən evdə onunla yanaşı Hacımuradovlar ailəsinin 3 valideyinsiz uşaqları 22 yaşlı İslam 18 yaşlı Havva və 16 yaşlı İman da yaşayacaqlar. Mədinə Əliyeva özü haqqında məlumatda bildirib ki, o İordaniyada doğulub və bütün ömrü boyu orada yaşayıb. İllər sonra isə o öz vətəninə- Çeçenistana qayıtmaq istəyib lakin onun pasportu, zinət əşyaları və pulları oğurlanıb. Bu zaman o Bakıda yerləşən sığınacaqda məskunlaşıb. Yaşlı qadın üç dili çeçen rus və Azərbaycan dillərini bilir.
Zeynəb
Minval.İnfo


