Rauf Arifoğlu: “İnformasiya məkanı da vətəndir”
Xəbər verdiyimiz kimi, bu gün Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilir. Simpoziumun “Qarabağ” panelində çıxış edən “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoglu bildirib ki, son illərdə Türkiyə mediasında Dağlıq Qarabağ mövzusuna həssaslıq artırılıb:
“İlk olaraq bu gözəl tədbiri təşkil etdiyi üçün hörmətli Tənzilə xanıma təşəkkür edirəm. Həmçinin bu tədbirin ərsəyə gəlməsində əməyi olan Aqil Ələsgərə, Toğrul Allahverdiliyə təşəkkür edirəm. Bu gün Azərbaycan gündəmində Kərkük mövzusunun olmasının səbəbi bu tədbirdir. Davamlı olaraq bir neçə saat bu mövzu Azərbaycan mediasının və sosial şəbəkələrin gündəmində qaldı. Kərkük də, Dağlıq Qarabağ problemi kimi, bizim məsələmizdir. Tədbir təşkil edildi, platforma yaradıldı və məhz bu səbəbdən də həmin mövzu Azərbaycan mediasının gündəmində oldu. Az öncə dəyərli hocalarımız son illər Türkiyə mediasında Dağlıq Qarabağ mövzusuna diqqət və həssllığın artırılmasından danışdılar. Doğrudan da son illərdə Türkiyə mediasında Dağlıq Qarabağ mövzusuna həssaslıq artırılıb. Bir zamanlar bu məsələ bizim üçün kifayət qədər ciddi, problemli məsələ idi. Ancaq cox şükür ki, artıq belə bir problem yoxdur. Təxminən Azərbaycan insanının zehniyyətində Dağlıq Qarabağ məsələsi nədirsə, türk insanının da böyük çoxluğunun düşüncəsində demək olar ki, Dağlıq Qarabağ məsələsinin inikası eynidir. Bu, çox böyük göstəricidir və buna biz uzun mücadilələrdən sonra nail olmuşuq. Bilirsiz ki, dünyada ən böyük erməni lobbisi Türkiyədədir. Məsələn, dünyanın heç bir ölkəsində bir erməninin öldürülməsini protesto üçün küçələrə yüz minlərlə insan çıxmaz. Biz həmin erməninin ölümünə və xüsusilə Türkiyə ərazisində öldürülməsinə üzüldük və bunun təkrarlanmaması üçün dualar edirik. Lakin niyə türkmənlər qətl ediləndə İstanbul küçələrinə o qədər protestoçu çıxmadı? Biz bunlara üzülürük.
Hansısa türk aydınları və media quruluşları Dağlıq Qarabağa, Ermənistana gedəndə, bədnam “soyqırım” anıtına çələng qoyanda təəssüf edirik və həm də özümüzü günahlandırırıq ki, axı niyə onlarla birə bir işləmədik, onlara təsir edə bilmədik. Hesab edirəm ki, informasiya məkanı da vətəndir. Bu baxımdan, Türkiyənin və digər türk dövlətlərinin informasiya məkanına vətən kimi iddialıyıq”.
R.Arifoglu söyləyib ki, Türkiyənin informasiya məkanı da “Turan” adlanan anlayışın bir parçasıdır: “Şükürlər olsun ki, son illər bu cür məsələlər yox kimidir. Yaxud da türk mediası Azərbaycana diqqəti o qədər artırıb ki, bütün bunlar arxa planda qalıb. Lakin bunu bütövlükdə türk dünyası media quruluşları ilə bağlı demək mümkün deyil. Beynəlxalq tədbirlər olur, mən də daxil olmaqla digər dostlarımızla birlikdə bu tədbirlərdə türk dünyasından gələn həmkarlarımızla görüşürük və hər dəfə də məyus oluruq. Özbəkistanın, Türkmənistanın, Tatarıstanın elə media quruluş rəhbərləri var ki, bu məsələlərdən ümumiyyətlə, anlayışları da yoxdu. Bu məsələdə daha çox Azərbaycanin Xarici işlər Nazirliyinin, səfirlərin, orada çalışan diasporun üzərinə məsuliyyət düşür. Yuxarıda sadaladığım dövlətlərin administrativ qaydada idarə olunan media quruluşları var. Yəni onlarla işləmək çox asandır. Düzdür, Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ mövzusu prioritetdir. Ancaq bu, Avropa mərkəzləri üçün nəzərdə tutulub. Türk dünyası ilə işləmək isə demək olar ki, müşahidə edilmir. Mənim təkcə rəsmiləri tənqid etmək fikrim yoxdur. Bizləri də tənqid etmək düşüncəsindəyəm. Bizim də postsovet məkanında işləmək imkanlarımız mövcud olduğu halda, bu imkanlardan lazımınca istifadə etmirik. 2016-cı ilin aprel savaşı zamanı biz də media olaraq bir informasiya savaşı apardıq. Daxili auditoriyamızı, kənar provakasiyalardan qorumaq üçün ciddi cəhdlə, bir neçə gün gecə-gündüz işlədik. Ən çətin nöqtələrimiz Rusiyanın informasiya məkanı idi. Ermənilər orada çox güclü idilər. Eyni zamanda rusdilli informasiya məkanında rus həmkarlarımız ermənilərdən daha ötə ermənilik edirdilər. Ancaq Rusiya mətbuatında kifayət qədər tatar – türk qardaşlarımız da çalışırlar. Biz həmin zamanlarda təəssüflə müşahidə etdik ki, sanki onlarda türklüklə bağlı heç bir hiss yoxdur. Bizim sayımız iki yüz milyon, onların sayı isə bir neçə milyon olsa da, biz informasiya savaşında çətinliklə üzləşirik. Bu cür platformaları Özbəkistanda, Türkmənistanda da təşkil etmək lazımdır”. Çıxışının sonunda Rauf Arifoglu bildirib ki, 2009-cu ildə keçirilən rəy sorğularında Türkiyə əhalisinin 95 faizi sərhədlərin açılmasına qarşı çıxmışdı. Bəlkə də bu sorğunu Azərbaycanda keçirsəydik, belə yüksək nəticə almazdıq. Yəni Türkiyə Azərbaycanın özü deməkdir. Digər türk cümhuriyyətlərini də Türkiyəyə, Azərbaycana çevirmək bizim boynumuzun borcudur”.






