“Real Madrid”dən 270 milyonluq transfer
Bu mövsüm La Liqada uğursuz, ÇL-da isə yoluna uğurla davam edən “Real Madrid” transfer çalışmalarına indidən başlayıb.
“Kral Klubu”nun yay transfer pəncərəsi ilə bağlı planı üzə çıxıb. Minval.İnfo xarici KİV-nə istinadən xəbər verir ki, heyətinə bir hücumçu və bir yarımmüdafiəçi qatmaq istəyən “Real Madrid” “Bavariya”dan Robert Levandovski və “Mançester Yunayted”dən Paul Poqbanı hədəfə alıb.
Poqbanın “Mançester Yunayted”dən getmək istəyi, transfer qiymətinin heç də az olmaması onu “Real”a daha da yaxınlaşdırır. Robert Levandovskini Madrid klubu uzun zamandır transfer etmək niyyətində idi.
Baş məşqçi Zinədin Zidanın istəyi ilə hərəkətə keçən madridlilər iki futbolçu ilə bağlı danışıqlara start verib. “Real”ın Levandovski üçün “Bavariya”ya 140, Poqba üçün “Mançester Yunayted”ə 130 milyon avro təklif edəcəyi bildirilir.
“Kral Klubu” bu futbolçuları transfer edə bilməsə, Harri Keyn üçün “Tottenhem”, Kevin De Brunye üçün isə “Mançester Siti” ilə danışıqlara başlayacaq.
Minval.İnfo


