Reks Tillersonun istefası – O, Trampdan “siz qovuldunuz” əmri gözləyir (Analitik rəylər)

ABŞ siyasi gündəminin bu günlərdə əsas mövzusu dövlət katibi Reks Tillersonun vaxtından qabaq postu ilə vidalaşacağı ilə bağlı gedən xəbərlərdir. Dünyanın ən qüdrətli dövlətinin xarici siyasət idarəsinə başçılıq edən adamla bağlı çıxan informasiyalar heç şübhəsiz qlobal əhəmiyyət daşıyır və bu mövzu ətrafında baş verən proseslər planetin bütün siyasi çevrələri tərəfindən maraqla izlənilir.

“ABŞ prezidenti və onun komandası Reks Tillersonun istefası ətrafında gedən şayiələri məqsədyönlü şəkildə yayaraq ondan yaxa qurtarmağa çalışır”, – Almaniyanın “Der Spiegel” qəzeti yazır.

Qəzet prezident Donald Trampın vaxtilə aparıcılıq etdiyi “Şagird” adlı realiti-şouda (bu şou gənc mütəxəssislərin öz qabiliyyətlərinə görə yüksək maaşla böyük şirkətdə işə alınması ətrafında gedir-red.) gənc əməkdaşları işə götürüb qovmasından xüsusi zövq aldığını xatırladır.

“Siz qovuldunuz”, – soyuqqanlı şəkildə Trampın ağzından çıxan kəlmə indi Reks Tillerson üçün səslənə bilər.

“Tamamilə aydındır ki, ABŞ prezidenti və onun özündən müştəbeh dövlət katibinin bir-birini görən gözləri yoxdur. Bu özünü hamıdan ağıllı sayan iki alfa erkəyin savaşmasına bənzəyir”, – məqalədə qeyd olunub.

Qəzet bunun üçün bir neçə səbəb olduğunu açıqlayır:

“Tramp özünə həddindən artıq güvənən nazirləri sevmir. Tillerson isə bir çox vacib xarici siyasi məsələlərdə prezidentdən daha müstəqil və yumşaq mövqe səsləndirdiyini nümayiş etdirib. Məsələn, Tillerson İranla imzalanan nüvə sazişindən çıxmağın qəti əleyhinədir, Şimali Koreya problemində qılınc çəkmək yerinə danışıqlara üstünlük verir, NATO və Avropa Birliyi ilə münasibətləri xarici siyasətin əsas prinsipi hesab edir və s.”

Qəzet Tillersonun Maykl Pompeo tərəfindən əvəz olunacağını tamamilə qanunayğun hesab edir. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru son dövrlərdə Trampın bir çox məsələlərdə əsas çuğulçusu hesab olunurdu. Pompeo Tramp kimi qatı mühafizəkar siyasətçi sayılır və “Hər şeydən öncə Amerika” strategiyasının qızğın tərəfdarıdır. Bu səbəbdən həm İran, həm də Şimali Koreya məsələsində ABŞ-ın mövqeyini daha da sərtləşdirəcəyinə və bunun da onun əsas müttəfiqləri ilə problem yaradacağına şübhə yoxdur”, – məqalədə deyilir.

ABŞ-ın “The New York Times” qəzeti də Ağ Evin dövlət katibi Reks Tillersonun məcburi gedişi və Maykl Pompeonun onun yerinə gətirilməsi üçün zəmin hazırladığını yazıb.

Plana görə, Pompeonun vəzifəsinə Arizonadan olan respublikaçı senator Tom Kotton təyin olunacaq. Sonuncu prezidentin milli təhlükəsizlik məsələləri sahəsində əsas tərəfdarı sayılır.

Qəzet Tillerson və Trampın bir-birinə olan hisslərini artıq hər kəsin gözü önündə gizlətmədən ifadə etdiyini yazır. Belə ki, Tillerson şəxsi söhbətində Trampı axmaq adlandırıb, Tramp isə hamının yanında onu Şimali Koreya məsələsində vaxt itkisinə yol verdiyinə görə danlayıb.
Qəzet Tillersonun yerinə gələcək olan Pompeonun respublikaçıların radikal sağ qanadı “Çay hərəkatı”ndan gəldiyini və onun İran problemində olduqca aqressiv mövqe sərgiləyəcəyini vurğulayıb.

Məqalədə Tillersonun olub-bitənlərə rəğmən könüllü şəkildə getmək niyyətində olmadığı da göstərilir.

“Tillerson lap əvvəldən eksperiment təsiri bağışlayırdı. Bu vaxta qədər heç bir prezidentə nə hökumətdə, nə siyasətdə, nə də orduda iş təcrübəsi olmayan adamı dövlət katibi postuna təyin etmirdi. Trampın Tillersona güvənməsinin əsas səbəbi onun Exxon Mobil-dakı 40 illik uğurlu fəaliyyətini beynəlxalq diplomatiyaya da eyni ölçüdə əks etdirə biləcəyi fikri olub. Lakin Reks Tillerson çox vaxt Trampdan fərqli mövqelərdə yer alıb”, – yazıda bildirilir.

“The Washington Post” qəzetinin yazarı Devid İqnatius isə prezident D.Tramp və dövlət katibi Reks Tillersonun əməkdaşlığını uğursuz nikah adlandıraraq yeni komandanın xarici siyasət prioritetlərini yenidən dəyişdirəcəyini bildirib.

“Xarici siyasət komandasındakı möhkəmliyi və səbatı müdafiə naziri Ceyms Mettis təmin edirdi. Qocaman general rəqabətdə olan baxış və fikirləri tarazlaşdırmağı bacarırdı. Lakin gəmidə artıq daha çox yelkən açılıb və indən belə hərəkət daha sürətli və təhlükəli ola bilər”, yazan müəllif ABŞ-ın Şimali Koreya və İrana qarşı güc tətbiq etməyə qədər vara biləcək siyasət tutacağına işarə vurub.

İqnatius Mettis və Tillersonun bir çox siyasi problemin həlli məsələsində vahid mövqe tutduğunu, lakin güc oxunun artıq Tramp və Pompeonun yaxınlığı sayəsində dəyişəcəyi fikrində olduğunu yazıb.

Müəllif ABŞ-ın müttəfqilərinin odluqca narahat vəziyyətdə olduğunu vurğulayır: “Tillerson onların xoşlarına gəlirdi, müttəfiqlər ona inanırdılar. Onlar belə hesab edirdilər ki, məhz Tillerson Donald Trampın impulsiv xaraketirini sakitləşdirir.

İndi isə həm Pxenyan, həm də Tehran bilməlidirlər ki, Vaşinqton alacağı qərarlarda siyasi risklərlə bağlı mövqeyini yenidən gözdən keçirir”, -yazar yekunda qeyd edib.

Musavat.com

Dünya

Nəşr edilib: 2017/12/02 11:36

Baxış: 138


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06