Röyanın dələduzluqda ittiham olunan dizayneri danışdı: “Onların daxili aləmini üzə çıxardacam”

“Əlbəttə ki, mənim milyona yaxın izləyicim yoxdur. Lakin mənə çox maraqlıdır ki, niyə mənim yerimə qərar verərək adımdan açıqlamalar verirlər, sosial şəbəkələrdə, mətbuatda informasiyalar yazırlar?”
Bu sözləri uzun müddət müğənni Röya Ayxanla çalışan, hazırda dələduzluqda ittiham olunan dizayner Səbinə Hüseyn musavat.com-a açıqlamasında bildirib.
Dizayner haqqında yayılan məlumatlar görə yaxın günlərdə mətbuat konfransı keçirəcəyini də vurğulayıb: “Çox maraqlıdır, bir insanın günahı sübut edilmədən onu necə həbs edə bilərlər? Bunun üçün mən mətbuat konfransı keçirmək qərarına gəldim. Konfransda hüquqi nümayəndələrim sənəd və faktlarla iştirak edəcək. Mən artıq susmayacam. Bir neçə insanda adekvat və insani hisslər qalmaqdadır. Mən onların bütün daxili aləmini üzə çıxardacam”.
Dizayner mətbuat konfransının keçiriləcəyi vaxtın tarixi haqda tezliklə sosial şəbəkədə məlumat yayacağını deyib.
Xatırladaq ki, lent.az saytının yaydığı məlumata görə, dizayner Səbinə Hüseyn dələduzluqda ittiham olunur.
Məlumata görə, dizayner 80 min dollar pulu mənimsəməkdə günahlandırılır. Əgər S.Hüseynin günahı təsdiq olunsa, o, 7-12 ilədək azadlıqdan məhrum oluna bilər.
Qeyd edək ki, dizayner uzun müddət əməkdar artist Röya Ayxanla birgə çalışıb. Lakin dizaynerin barəsində dələduzluq ittihamı yayıldıqdan sonra müğənni sosial şəbəkədə video görüntülü müraciət yayaraq onunla iş birliyinə son qoyduğunu açıqlayıb.
Xalidə,
Musavat.com

