Ruhani ABŞ-ı diz çökdürə biləcəkmi?
Qonşu İrandakı son etirazların fonunda hökumətin cəmiyyətə ünvanlanan mesajlarını diqqətə almasaq ölkədəki prosesə adekvat nəticə çıxarmaq çox çətin olar.
Bu günlər ərzində hökumət çox açıqlamalar verib. Amma yadımızda daha çox prezident Həsən Ruhaninin üç variantdan ibarət ssenarisi, xüsusən də onun üçüncü variantı – prezidentin İran cəmiyyətini dözümə və müqavimətə, ən başlıcası da ABŞ-ı diz çökdürməyə çağırması qaldı.
Düzü, bu “üçlük” yadıma Qəzzafilərin ssenarisini saldı. Allah eləməsin ki, belə olsun, ən azı ona görə ki, İran qonşumuzdur və biz təkcə Cənub-Şimal tranzit dəhlizinin reallaşması üçün bu ölkəyə 500 milyon dollar kredit ayırmışıq, həm də orada bizim otuz milyondan artıq soydaşımız və ümumilikdə isə 80 milyondan artıq din qardaşımız yaşayır.
Amma yenə də bayaq dediyim Liviya məsələsinə qayıdıram. Elə Qəzzafilər də belə demişdi: “Bizim üç yolumuz var. A) Liviyada qalmaq və mübarizə aparmaq, B) Liviyada qalmaq və mübarizə aparmaq, C) Liviyada qalmaq və mübarizə aparmaq!”. İndi doğrusu, Ruhaninin də tonu, ritorikasının ruhu mənə bunu xatırlatdı….

İran cəmiyyəti, iranlılar dünyada elə də geri bir cəmiyyət hesab olunmurlar – min illik tarix, indinin özündə bu toplumun elmə və təhsilə həvəsi, ən əsası da konkret nəticələr…
Amma İran rejimi öz cəmiyyəti ilə o qədər primitiv, ibtidai bir şəkildə davranır ki, ya bunlar etirazlarda səslənən şüarlardan xəbərsizdilər, ya da ki, öz repressiv resurslarına çox arxayındırlar. Hər halda, belə olmasaydı Ruhani iranlıları ABŞ-ı “diz çöküdürməyə” çağırmazdı.
Bəzən müəyyən proseslərlə bağlı nəticələri başqalarının da təcrübəsindən əldə etmək olur. Düşünürük ki, Şimali Koreya ilə ABŞ-ın indiki təmasları İran üçün də görk ola bilər. İrandan fərqli olaraq atom və hətta hidrogen bombasına, orta və uzaq mənzilli raketlərə sahib olan Şimali Koreya və onun lideri Kim Çen In Vaşinqtonla dil tapmağa cəhd edir. Səhv edirmi? Bəlkə düz etmir? Düşünürük ki, yox, o, çox düz edir.
Rusiya prezidenti V.Putin Kim Çen Inla D.Trampın görüşü ərəfəsində demişdi ki, koreyalılara ot yeyər, amma nüvə silahından və raketlərdən heç vaxt əl çəkməzlər. Amma yox, koreyalılar ot yemək istəmir, üstəlik də ona işarə edirlər ki, Kremlin tövsiyələri olmadan da keçinə bilərlər.

Təbii, mən irəli qaçmaq və tələsik nəticələr çıxarmaq istəmirəm, daha bir “Koreya prosesi” bu yaxınlarda başlayıb və hələ bu prosesi bir xeyli sınaqlar gözləyir.
Qayıdıram İrana. Bu ölkənin ən əsas problemi nədir? İranın problemi indiki teokratik rejimin bərqərar olması ilə başlayıb və təxminən də qırx ildi ki, davam edir. Səmimi olsaq, bu, İran xalqının deyil, onun teokratik rejiminin problemləridir.
Ona görə də daim, təkrar-təkrar özümüzə sual veririk: niyə görə 80 milyonluq xalq bir siyasi rejimin bədəlini ödəməldir? Niyə 80 milyon nəfərlik millət cəmiyyətin bir kəsiminin ambisiyalarının qurbanı olmalı və 40 il siyasi və iqtisadi sanksiyalar altında, ölkə içində qeyri-azad bir toplum statusunda yaşamalıdır?..
Bir daha deyirik ki, İranın problemi bir siyasi rejimin ideoloji, regional və qlobal ambisiyalarının törətdiyi problemlərdir. Ötənilki etirazlarda da və elə indi də insanlar açıq şəkildə bildirirlər ki, onları Fələstinin və yaxud Suriyanın problemləri deyil, İranın öz problemləri maraqlandırır…
Açığı, şəxsən mənə İranın Yaxın Şərqdəki çabaları, onun islam həmrəyliyi konteksindəki çağırışları heç vaxt səmimi görünməyibdir. Bizim Qarabağ İranın düz böyründədir. Otuz ildir ki, Azərbaycan belə bir ağır problem yaşayır. Amma İranın bizim problemimizə münasibəti bəyanatlardan o tərəfə getməyib. Halbuki İran təkcə özünün 60-70 milyon dollarlıq ticarət dövriyyəsini məhdudlaşdırmaqla Ermənistana xeyli təzyiq etmiş olardı. Amma etmirlər…

Hələ heç onu demirik ki, Tehran Xəzərdə bizim üçün problemlər yaradır, onu sayəsində bizim bir neçə yatağımız “mübahisəli yataqlar” statusu alıb.
Amma bütün bunlara baxmayaraq Azərbaycan səbrlə İranla münasibətləri davam etdirir, özü də tək davam etdirmir, həm də inkişaf etdirməyə çalışır ki, bunu da Şimal – Cənub dəhlizinin misalında dedik.
Di gəl, Bakı heç də İran rejiminin qarşılaşdığı çətinlikləri bölüşməyə borclu deyil, halbuki bəzən rəsmi Tehran belə umacağının da olduğunu gizlətmir. Ona görə də bir daha prezident H.Ruhaninin son bəyanatlarına qayıtmaq istərdik: cəmiyyətə mesajlar göndərmək hər siyasi liderin haqq və hüququdur, amma bu mesajlar real və ağlabatan olmalıdır, çünki bu, həm də məsuliyyətli işdir…
Hüseynbala Səlimov


