Rusiyada ticarət mərkəzində yanğın: 37 ölü, 40 yaralı – FOTO, VİDEO
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.
REN TV-nin verdiyi xəbərə görə, son məlumatlara əsasən, hadisə nəticəsində 37 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
Bundan başqa, 27 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.
***
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.
Bu barədə “İnterfaks” agentliyi Rusiya FHN-nin regional idarəsinə istinadən məlumat verib.
Məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb. Kemerovo şəhərindəki dördmərtəbəli “Qış albalısı” ticarət mərkəzində yanğın martın 25-i, günün ikinci yarısında başlayıb. Yanğın 1500 kvadrat metr sahəni əhatə edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
TASS agentliyinin verdiyi xəbərə görə, 43 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib.
***
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
TASS agentliyinin verdiyi xəbərə görə, yaralıların sayı 43 nəfərə çatıb. 20 nəfərin xilas, 100 nəfərin təxliyə edildiyi bildirilir.
Təsdiqlənməmiş məlumata görə, hadisə zamanı 70-dək insan itkin düşüb.
Kemerova şəhərindəki dördmərtəbəli “Qış albalısı” ticarət mərkəzi 2013-cü ildə istifadəyə verilib. Yanğının binanın 4-cü mərtəbəsində yerləşən batut zalında başladığı ehtimal edilir.
***
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
TASS agentliyinin verdiyi xəbərə görə, xilasedicilər daha 2 nəfərin meyitini aşkarlayıblar. Bundan əvvəl 5 nəfərin öldüyü, 30 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi.
Məlumata əsasən, Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov prezident V.Putinin tapşırığı ilə Kemerovoya yollanıb. İlkin versiyaya görə, yanğın ticarət mərkəzində yerləşən batut zalında başlayıb. İnsidentin səbəbləri araşdırılır.
***
Bu gün Rusiyanın Kemerova şəhərində “Qış albalısı” ticarət mərkəzində yanğın olub.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 4 uşaq ölüb.
Yanğının əhatə etdiyi sahə və yanğının səbəbi dəqiqləşdirilir.(APA)
Minval.info




