Əsəd Cahangir: “Həmid Herisçi insanları iki hissəyə bölür, həşəratlara və cəngavərlərə”

“Onun telepatiya, daha dəqiq desək, ürəkləri oxumaq qabiliyyəti var. Dəfələrlə olub ki, sual vermək istəmişəm, amma ağzımı açmağa macal tapmamış cavablayıb. Və yaxud dünən başıma gəlmiş hadisə haqqında ona danışmaq istəyəndə məni qabaqlayıb. O, özü də bilmədən, sadəcə daxili duyğu ilə ürəyimdən keçənləri oxuyub. Onun digər qabiliyyəti isə öncəgörmədir”
Bu sözlər tənqidçi Əsəd Cahangir yazıçı Həmid Herisçi ilə dostluğu barədə danışan zaman deyib.
Minval.İnfo-ya geniş müsahibə verən tənqidçi, onun haqqında maraqlı ifadələr səsləndirib. Həmin müsahibəni təqdim edirik:
– Necə oldu Həmid Herisçi ilə tanış oldunuz?
– 1994-cü ildə mənim hələ 28 yaşım var idi, Ədəbiyyat qəzetində bir neçə dəfə yazılarım çıxmışdı. Qəzetin baş redaktoru, xalq yazıçısı Sabir Əhmədli məni birgə işləməyə dəvət etsə də, təklifinə müsbət cavab verə bilmədim. Çünki onda işlədiyim Zaman qəzeti Ədəbiyyat qəzeti ilə müqayisədə üç dəfə daha çox maaş verirdi. Buna baxmayaraq tez-tez Sabir Əhmədlinin görüşünə gedir, müxtəlif mövzularda onunla müzakirələr aparırdım. Bir gün yenə bu məqsədlə yanına getmişdim, otağına daxil olanda qarşısında dayanan gənc oğlan diqqətimi çəkdi, üzündə qeyri-adi bir nur, işıq var idi. Sabir Əhmədli vaxt itirmədən bizi tanış etdi, Həmid Herisçini tanıyıb-tanımadığımı soruşdu. Mən onun imzasını mətbuat səhifələrində, qəzet və jurnallarda görmüşdüm, amma kiminsə dilindən ilk dəfə eşidirdim, həmin kimsə də Sabir Əhmədli oldu. Beləcə bizim tanışlığımız başladı. Tez-tez görüşməsək də, üz-üzə gələndə mənə qarşı xüsusi hörməti olduğunu hiss edirdim, təbii ki, mən də onunla eyni hisləri bölüşürdüm.
Əslində bizim tanışlığımız daha əvvəl olmalı idi. Rusiyadan çox məsul şəxs – Heydər Camal gəlmişdi, müsahibə almaq məqsədilə Qafar kəndliyə (Həmid Herisçinin atası) zəng etdim, çünki Heydər Camalın orada olduğu məlumatını almışdım, təəssüf ki, Qafar kəndli onun çoxdan getdiyini mənə dedi.
Bir dəfə Qafar Kəndli Akademiyanın kolidorunda mənə yaxınlaşıb Həmidi görüb-görmədiyimi soruşdu. Sual qarşısında diksindim, çox qəribə idi, çünki o, mənim kim olduğumu, Həmidi tanıyıb-tanımadığımı bilmirdi. “Yox, görməmişəm” deyə cavab verdim, arxasını çevirib getdi. Bu hadisədən bir neçə ay sonra, 1997-ci ildə dünyasını dəyişdi. Yalnız onda başa düşdüm ki, o, hansısa yolla, ola bilsin telepatiya ilə bizim tanış olduğumuzu duymuşdu və oğlunu mənə tapşırırdı.
– Ola bilməz ki, Həmid Herisçi sizin haqqınızda ona danışmışdı, ya da hardasa şəklinizi görmüşdü?
– Onda elə də məşhur deyildim, şəkillərim çıxmırdı, sadəcə gənc, adi bir oğlan idim, daha çox sosial və siyasi mövzularda yazılarım dərc olunurdu, jurnalist kimi fəaliyyət göstərirdim.
– Həmid Herisçinin neçə yaşı var idi?
– Atası rəhmətə gedəndə onun 37 yaşı var idi, məndən 6 yaş böyük idi, mənim də olardı 30-31.
Bir dəfə, atasının ölümündən əvvəl “Söz” adlı essemi Xəzər jurnalına aparmışdım. Onda bu işlərə Adil Mirseyid baxırdı. Otağa daxil olanda Həmidlə söhbət etdiyini gördüm, salamlaşdıq, bir az deyib-güləndən sonra esseni alıb baxdı, dedi ki, “Bu oğlan cəngavərdir, həşərat deyil!”. Yeri gəlmişkən, Həmid insanları iki yerə bölür, həşəratlara və cəngavərlərə (red – gülür). Düzü, o belə deyəndə xoşuma gəldi, çünki gənc idim və ədəbi mühitdə tanınmırdım. Söz essesi isə çox dəyər verdiyim yazıdır, buna görə də onun haqqında deyilən hər müsbət söz mənim üçün daha çox əhəmiyyət kəsb edirdi, çünki onu özümün ədəbiyyata, sözə, həmçinin sənətə pasportu hesab edirəm. Həmin gün söhbətimizi Nərimanov parkında davam etdirdik. Ondan sonra görüşümüz bir də 2000-ci illərdən sonra oldu, onda mən 8-ci kilometrdə, Həmidgilin yaxınlığında kirayədə qalırdım. Beləcə tez-tez görüşməyə başladıq, futbol meydançası vardı, orada gecə üçə, dördə kimi gəzib ədəbiyyat haqqında söhbətlər edirdik. Ədəbiyyata postmodernizm anlayışını gətirmək qərarına gəldik. O şərtlə ki, Həmid ümumi istiqaməti müəyyənləşdirməli, yazıları isə mən yazmalı idim.
Yəni praktik işi mənim, nəzəri hissə isə onun öhdəsinə düşürdü. Beləcə Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Yeni Azərbaycan, Ədalət və başqa qəzetlərdə postmodernizm haqqında yazılarım çıxmağa başladı, bu proses bir neçə il (2000-2003) davam etdi. Mən dayanmadan yazdım və çox çəkmədi, postmodernizm anlayışı populyarlaşdı, lakin bu, köhnələri, imtiyazlı şəxsləri və səlahiyyət sahiblərini narahat etməyə bilməzdi. Qəzet rəhbərliyi ilə güclü əlaqələri olan bu şəxslər adını qeyd etdiyim qəzetlərdən yarımçıq ayrılmağıma səbəb oldular. Amma postmodernizm anlayışı aktuallaşdıqca, bu mövzuda şeirlər yazılmağa, dissertasiyalar müdafiə olunmağa başladı. Əvvəl onu qəbul etməyən təbəələr bu axın qarşısında dayana bilmədi və onu qəbul etdilər.
– İlk dəfə Həmid Herisçinin mistikası ilə nə zaman və necə tanış olmusunuz?
– Onun telepatiya, daha dəqiq desək, ürəkləri oxumaq qabiliyyəti var. Dəfələrlə olub ki, sual vermək istəmişəm, amma ağzımı açmağa macal tapmamış cavablayıb. Və yaxud dünən başıma gəlmiş hadisə haqqında ona danışmaq istəyəndə məni qabaqlayıb. O, özü də bilmədən, sadəcə daxili duyğu ilə ürəyimdən keçənləri oxuyub. Onun digər qabiliyyəti isə öncəgörmədir. Bir neçə dəfə hansısa qəzetin, verilişin bağlanacağı və ya kiminsə başına gələcək bədbəxt hadisə haqqında xəbər verib, sonra həqiqətən də bu olub.
– Bütün bunlar yaxşı müşahidə qabiliyyətindən də irəli gələ bilərdi…
– Onu deyə bilmərəm, amma məncə onda bu, rasional məntiqi düşüncə ilə yox, irrasional düşüncə ilə olurdu.
– Dediyinizə görə iyirmi səkkiz yaşınızda ruhunuz bədəninizdən ayrılıb. Bu haqda Həmid Herisçiyə danışanda reaksiyası necə olmuşdu?
– İlk dəfə ona bunun haqqında danışanda hiss etdim ki, mənə dəli gözü ilə baxmır, əksinə dediklərimi dəyərləndirir, amma o vaxtı Həmid indiki qədər Allaha, Müqəddəs kitaba, mistikaya meyl etməmişdi. Düzdür, nəzəri cəhətdən bilirdi, ama başı ilə, qəlbi ilə yox. Ona görə də düşüncələrimi məntiqi rasional yanaşma ilə, daha çox nəzəri izah edirdi. Mənə belə demişdi: Sən işıqlı qüvvələri görmüsən, ona görə şəri, qaranlığı qəbul etmirsən.
– Həmid Herisçi “Solaxay” romanını avtobioqrafik roman kimi təqdim edir. Bu haqda nə düşünürsünüz?
– Bildiyimə görə 6 yaşında böyrək çatışmazlığı olub, hətta Bakıda ölüm diaqnozu qoyulsa da, atası Qafar kəndli bununla razılaşmayıb, onu müalicə məqsədilə Moskvadakı xüsusi təyinatlı poliklinikaya aparıb. Valideynlərindən, vətənindən uzaqda, yad insanların əhatəsində böyüyən Həmid çox əzab çəkib, uzun müddət insanlara qaynayıb-qarışa bilməyib.
“Həmid səmimi və qəti yalanı sevməyən biridir, o, həm də çox ağıllıdır”
– Romanda nəql olunan hadisələrin gerçək olduğuna inanırsınız, yoxsa bunu Həmid Herisçinin uşaqlıqda yaşadığı sarsıntılarla əlaqələndirməliyik?
– Kitabda necə yazılıbsa, elə olduğunu düşünürəm, çünki onun xarakterinə bələdəm, Həmid səmimi və qəti yalanı sevməyən biridir, o, həm də çox ağıllıdır. Həmid elmi fəaliyyətə şeirlə başlayıb, sonra türk mifologiyası haqqında yazdığı elmi işini yarımçıq qoyub. Bakıda təhsil alsa da, onu da yarımçıq qoyub və diplom ala bilməyib. Ondan sonra 80-ci illərin sonları SSRİ-ni gözləyən hadisələr, daha dəqiq desək, dağılacağı ilə bağlı məqalə yazıb, bu da Qorboçovun diqqətini çəkib, hətta çıxışlarının birində Həmidin adını çəkib və onu tənqid edib.
“Həmid Herisçi 90-cı illərdə Azərbaycanda yeni ədəbi dalğanın banisi və lideri oldu. Bu sıraya Rasim Qaracanı, Murad Kohneqalanı, Azad Yaşarı və digərlərini də əlavə etmək olar”
– Qorboçovun Həmid Herisçinin adını çəkməsi rəsmi məlumatdır?
– Bəli, televiziyada danışıb, deyib Həmid kimi jurnalistlərə inanmaq lazım deyil, hamısı yalançıdır. Bundan sonra Həmid Moskva siyasi xadimləri ilə tanış olub, xüsusilə Heydər Camalla dostluq münasibətləri qurub.
Həmid Herisçi 90-cı illərdə Azərbaycanda yeni ədəbi dalğanın banisi və lideri oldu. Bu sıraya Rasim Qaracanı, Murad Kohneqalanı, Azad Yaşarı və digərlərini də əlavə etmək olar. Ədəbiyyat qəzetinə Müasir Azərbaycan ədəbi prosesi ilə bağlı məqalə verən və bəzi ədəbiyyat adamlarını tənqid edən Həmid çox keçmədi elə onlar tərəfindən də düşmən elan edildi. Həmin yazılara görə Sabir Əhmədlini qəzetdən uzaqlaşdırdılar. Daha sonra Həmidin tele dövrü başladı, lakin aparıcısı olduğu “Gecə kanalı” verilişi də (Space kanalı) bir müddət sonra bağlandı.
– Həmid Herisçi və onun mistikası artıq insanların diqqətini çəkməyə başlamışdı. Buna görə də diqqəti başqa istiqamətə çəkmək üçün televiziya fəaliyyətinə başladığını deyənlər var. Bu məsələyə münasibətiniz necədir?
– İslamda “dərd”, “dərd çəkənlər” mənasına gələn melametlər təriqəti var. Onlar cəmiyyətdən seçilməmək üçün pinti geyinir, özlərinə baxmırlar. Cəmiyyət də onları olduğu kimi, yəni zahirən qəbul edib dəyərləndirir. Yəni cəmiyyətin verdiyi dəyərə inanmaq olmaz, çünki onlar həmişə həqiqətdən bixəbər olurlar. Elə Həmid Herisçi də inandığı həqiqətin izinə düşür, cəmiyyətlə oynamır, bəlkə də oynamaq lazımdır, amma oynamır…
“Qafar Kəndlinin verdiyi sual həm sadə, həm də çox dərin idi: Həmidi görmüsən?”
Həmidin televiziya fəaliyyəti bununla bitmədi, amma ANS telekanalında efirə gedən “Sirlər Xəzinəsi” də qısa müddət sona “Gecə kanalı” ilə eyni taleyi bölüşdü. Həmid narazı idi, ANS telekanalı bağlandığı zaman iki hadisə arasında mistik əlaqə olduğunu başa düşdüm.
– Necə oldu yollarınız kəsişdi, yəni sizcə bu, təsadüf idi?
– Həmidin atası ilə akademiyada qarşılaşdığımız hissəyə qayıtmaq istəyirəm. Qafar Kəndlinin verdiyi sual həm sadə, həm də çox dərin idi: Həmidi görmüsən?
Bununla o elə bil Həmidi dərk edib-etmədiyimi, oxuyub-oxumadığımı soruşurdu. Bu sözün böyük mənası var, “Həmidi gör!”. Bilirəm ki, atası Həmid üçün çox əziyyət çəkib, elə insan öləcəyini hiss edəndə övladını kiməsə tapşırmaq istəyir, tapşırır. Həmid məni həmişə atasına bənzədir, söhbət edirik, birdən yerindən atılıb – “atam da belə deyərdi, amma elə deyil, belədir” – deyir.
Qafar kəndli hesablanmış addımlar atırdı, Həmid isə daha çox üsyankardır, sanki atası onu səbirli olmağa, düşünməyə dəvət edirdi, indi onun missiyasını mən davam etdirirəm. Mənə hərdən elə gəlir Qafar kəndlinin ruhunu daşıyıram. Həmid əvvəl atası ilə, mənimlə razılaşmırdı, zaman keçdikcə isə bizimlə razılaşır.
– Bir az da Həmid Herisçinin tarixi kökü, nəsli haqqında danışaq…
– Təbriz yaxınlığında xalçaları ilə məşhur Heris kəndi var, Qafar kəndli burada yaşayıb, 45-ci ildə Pişəvərinin rəhbərliyi ilə inqilabda fəal iştirak edib. İnqilabi hökumətə köməyə gələn SSRİ möhkəmlənə bilməyib, qoşunlar geri çəkilərkən inqilabın ən fəal üzvləri, həmçinin Qafar kəndli onlarla birlikdə Bakıya gəlib. O, buraya çiynində tüfəng, belində xəncər, sinəsində patronlar gəlmişdi. Qılıncı əlindən alıb əvəzində qələm verdilər, yazmağını dedilər. Xəqanidən kitab yazıb onu müdafiə edən Qafar kəndli oğlunun dünya görüşünün formalaşmasında böyük rol oynayıb.
“Düşünürəm ki, bu, Həmidə birbaşa Allahdan gəlir”
– Həmid Herisçinin mistikası kökündən gəlir, yoxsa sonradan qazanılıb?
– Kök qanla gəlir, sonradan qazanmaq isə kitabla, təhsillə olur. Düşünürəm ki, bu, Həmidə birbaşa Allahdan gəlir.
– Nəyə görə məhz Həmid Herisçi?
– Çünki 6 yaşında onu kürəvi ildırım vurub, daha doğrusu, başının yanından keçib, bu isə düşüncəsini, həyata baxışını kökündən dəyişib. Oxşar hadisə mənim də başıma gəlib, amma bəzi fərqlər var. O cəhətdən mən üstünəm ki, ildırım başıma girib, Həmidin isə başının yanından keçib. O cəhətdən Həmid üstündür ki, mən bunu yuxuda görmüşəm, o isə gerçək həyatda… Həmid Herisçinin 60 illiyi münasibətilə onun haqqında 200-250 səhifəlik monoqrafiya yazmağı düşünürəm…
Fərid Özay
Minval.İnfo

