Şəhid ailələri və qaziləri işə götürənlərə vergi güzəştləri– Bir qərarla həll etmək olar
Şəhid ailələri və qazilərin işlə təmin olunması ilə bağlı problemlər hələ də mövcuddur. Ümumilikdə problemlərin aradan qaldırılması istiqamətində müəyyən işlər görülür, lakin kökündən həll olunmayıb.
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az -a açıqlama verib.
O, köklü həll üçün iş yerlərinə nəzarət mexanizminin vacib olduğunu deyib:
“İş yerləri var, amma maaş azdır, dövlətin verdiyi maaş yetmir. Ölkədə məşğulluqla bağlı acınacaqlı vəziyyət müşahidə olunur. Ayrı-ayrı iş yerlərində şəhid ailələrinin dəstəklənməsi və buna nəzarət mexanizmi olmalıdır. Onları diqqətdən kənarda saxlamaq olmaz. Onların bizim boynumuzda haqqı var. Bu haqqı həm dövlət, həm vətəndaşlar, həm də özəl sektor düşünməlidir”.
Millət vəkili düşünür ki, bu işə özəl sektor təşviq olunmalıdır:
“Bu məsələ ətrafında özəl sektorun təşviq olunmasına çalışmaq lazımdır. Lakin indi özəl sektora da ciddi zərbələr dəyir, görünməyən təzyiqlər altındadır. Ona görə də iş yerlərinin çoxunu qapadıb gedirlər. Onlara iş yerləri açmaq üçün şərait yaradılmalı, bu məsələlər kompleks şəkildə həll olunmalıdır. Bunun sayəsində həm özəl sektor canlılığını qoruyar, həm də bu məsələdə kömək edə bilər.
Regionlarda da vəziyyət bərbaddır. İşçi qüvvəsi qalmayıb. Yerli orqanlar imkan vermir ki, kimsə istehsalla məşğul olsun, nə isə əldə etsin”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli də fikirlərini bildirib.
O, işsizliyin həlli yolunu belə görür: “Məsələn, Nazirlər Kabineti və ya parlament xüsusi bir qərarla bu kateqoriyaya aid olan insanları işlə təmin edən özəl sektor nümayəndələrinə, şirkətlərə müəyyən güzəştlər (vergi, kredit) tətbiq edə bilər. Beləliklə, onlar üçün də stimul yaranar və işə qəbul prosesi sürətlənər. Bu cür stimullaşdırıcı addımlar olmadan problemi kökündən həll etmək qeyri-mümkündür.
Qazi və şəhid ailələrini işlə təmin edərkən mənfəət gəlirindən 5 %, yaxud digər vergilərdən bir neçə faiz güzəşt olunsa, şirkətlər işlə təmin etməkdə maraqlı olacaqlar”.

