Şəhriyar Məmmədyarovdan ŞOK açıqlama: “Məndən güclü neçə idmançı var ki, bir sponsor tapılmadı?”
Azərbaycanın məşhur şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinquefield Cup” turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə etdiyi görüşdən sonra şəxsi “Facebook” səhifəsində şikayətlənib.
Minval.info məlumatına görə, şahmatçımız sponsoru olmadığını, yarışlara öz puluna getdiyini bildirərək, artıq yorulduğunu vurğulayıb.
“Sabahınız xeyir. İndicə yuxudan durdum yorğunluqdan. Burda gecə saat 01:47-dir. Bu gün Karlsenlə 5 saatdan çox oyun oynadım və açığı çətin mübarizə oldu, debütdən böyük üstünlüyüm vardı, sonda bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Və belə qərara gəldim ki, daha 40-45 günlük turnirlərə son qoyacağam, gərək az oynayıb öüzümdə güc saxlayım.
Bu əlbəttə ki, biabirçılıqdır, bu qədər arxa-arxaya oynamaq… Bu gün jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım deyim ki pul!
Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsuru yoxdur və hətta bütün yarışlara öz hesabıma gedirəm. Burda bütüm digər oyunçuların sponsoru var. Amma yenə sabah oyun var, gərək yenə hazırlaşım!
Çox heyif, amma şahmat belə artıq məni bezdirir! Yorulmuşam! Sabah yenə oynamaq lazımdır! Arada fikirləşirəm bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə 1 sponsor tapılmadı??
Azərbaycana sevgim sonsuzdur, amma heyif mənim gücüm sonsuz deyil, bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər sadəcə mənasız olacaq!”
Qeyd edək ki, Şəhriyar Məmmədyarov hazırda FIDE reytinqində 3-cü pillədə qərarlaşıb.
Şahmat Federasiyasının sədri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovdur.

