Sabiq azərbaycanlı nazir koronovirusu təriflədi – Müsahibə
Saleh Məmmədov: “Elmi virusun qarşısına ov tüfəngi ilə çıxan millətlər…”
Dünyanı bundan sonra nə gözəllik, nə mədəniyyət, nə ədalət xilas edəcək. Bəşəriyyətin və xalqların başına gələnlər bir daha dərs oldu ki, elm, texniki tərəqqi olmasa, yüksək intellektli alimlər, ixtiraçılar yetişməsə, güclü “Beyin mərkəz”ləri fəaliyyət göstərməsə, XXI əsrdə ayaqüstə dayanmaq çətin olacaq.
İndi müharibələr, hibrid savaşlar, siyasi mübarizələr elm platforması üzərində həyata keçirilir. Hazırda süni robotlar, smartlar əsridir, ölkələr bir-birini raketlərlə yox, informasiya, texnoloji üsullar, viruslarla təhdid edir.
Hətta bəzi rəylərə görə, koronavirus pandemiyasından sonra hökumətlər əsas ağırlığı “Beyin mərkəzləri” ilə işləməyə verəcəklər. Artıq onlar bir sıra ölkələrdə pandemiyanın dəyişdiyi dünyada nələrin olacağını araşdırmağa başlayıblar.
Təhlilçilərin fikrincə, pandemiyadan sonra elmin, alimlərin, üstün ağılın, texnoloji nailiyyətlərin, zəkanın əhəmiyyəti artacaq.
Pandemiya ilə mübarizə tədbirlərinin metodları, çağdaş üsulları göstərdi ki, elmsiz cəmiyyətlərin fəlakəti hələ qabaqdadır. Bu baxımdan, Azərbaycan hansı nəticələri çıxarmalıdır, nə kimi addımlar atmalıdır?
Mövzu ilə bağlı söhbətləşdiyimiz sabiq maliyyə naziri, iqtisadçı professor Saleh Məmmədovun Musavat.com-a bildirdiyinə görə, elmsiz irəli getmək, inkişaf mümkün olmayacaq. Professor hesab edir ki, əvvəlki zamanlarda qol gücü varı idi, mübarizə bu müstəvidə gedirdi, indi dünyanın gedişatında belə tendensiya yoxdur: “Bu gün bir elmli sinqapurlu, yaxud avropalı hansısa dövlətin min əsgərini öldürməyi bacaran mexanizm hazırlayır və həmin ölkənin üstünə tullayır. Bu, bir alim beynidir. Təsadüfi deyil ki, məhz alim beyni bu gün koronavirusla dünyanı alt-üst edə bilir.
Hazırda dünyanın 37-38 elmi cəhətdən inkişaf etmiş ölkəsi var. Gəlin baxaq, hansı geridə qalan ölkələrdə elm, tərəqqi var? Elm olmayan yerdə inkişafa nail ola bilməyəcəksən. Orada elm yoxdursa, səfalət, aclıq var. Bu mənada bütün gücü elmə yönəltmək vaxtı gəlib çatıb. İnkişaf üçün ikinci bir yol yoxdur”.
S.Məmmədovun sözlərinə görə, məşhur dünya alimləri 2020-ci ildə süni intellektlə təbii intellektin dərketmə və nəticəçıxarma qabiliyyəti səviyyəsinin bərabərləşməsini proqnozlaşdırırdılar. “Hətta bəlli bir dövr ərzində süni intellektin insan nəzarətindən çıxaraq sərbəstləşməsi imkanları da müzakirə olunur və buna qarşı mübarizə üsulları müəyyənləşdirilməyə çalışılırdı. Robotların, süni intellekt və maşın lörning proqramlarının özü-özünü, insanın iştirakı olmadan geniş təkrar istehsal edə biləcəyi tərzdə, əlbəttə, bu proqnozların doğrula biləcəyi ehtimalını qəti inkar etmək olmur. Hər halda, tam təsdiq olunmasa da görünən odur ki, koronavirus süni intellekt – elmi məhsuldur, bir az da nəzarətdən çıxma meyllidir. Amma süni intellekti yaradan insan zəkasıdırsa, gec-tez onu nəzarət altına sala biləcək” deyə, iqtisadçı professor izah edir.
S.Məmmədov xatırladır ki, illərdir öz çıxışlarında elmin əhəmiyyətinə toxunur: “Koronavirusun meydana çıxması bir çox elmi ixtiralara, inkişafa gətirib çıxaracaq. Yəni tibb sahəsində, texnologiya, süni intellekt, enerji təminatı sahələrində tərəqqi olacaq. Amma elmi virusun qarşısına ov tüfəngi və ya külünglə çıxan millətlər daha da zəifləyərək sıradan çıxacaq”.
Sabiq nazirin fikrincə, koronavirusun və “neft virusunun” dağıdıcı enerjisini faydalı enerjiyə çevirmək imkanları var: “Əgər belə bir istiqamət götürülərsə, ölkə tarixi bir fəlakətdən qurtarılmaqla yanaşı, texnoloji və iqtisadi inkişafın tamamilə yeni bir erasının əsasını qoymuş olardı. Çünki dünya virtuallaşır, rəqəmsallaşır, hər şey, hər bir hərəkət, klassik dünyada gördüyümüz bütün proseslər elektronlaşır.
Baxın, rəqəmsal hökumət, rəqəmsal biznes, rəqəmsal təhsil, dil, mətbuat, istehsal, nəqliyyat, inşaat, ticarət, hətta müharibələr… Hər bir fəaliyyət rəqəmsal dünyada internet vasitəsilə həyata keçirilir, evdə oturaraq görülür. Koronovirus da buna yönləndirir, hətta məcbur edir. Yəni, özümə aid işlərin hamısını rəqəmsallaşdıra bildiyimə görə evdən çıxmağa ehtiyac görmürəm”.
S.Məmmədov hesab edir ki, hər kəs sürətlə və ardıcıl olaraq təhsilini təkmilləşdirməlidir: “Başqa cür texnoloji inkişafın arxasınca yetişmək olmayacaq. Dünyanın ikinci nəhəngi olan Çinin ahıllar universitetləri ən ciddi rol oynayan təhsil ocaqları sayılır. Ona görə təhsil üçün mütləq elektron sistem qurulmalıdır. Elektron sistem hər kəsin evinə daxil olmalıdır”.
Sabiq nazir hesab edir ki, hər gecikdirilən gün bizi fəlakətlərlə üzbəüz görüşə yaxınlaşdırır: “Gərək təcili tədbirlər görək. Təəssüflər olsun ki, bu çətin problemlərin həllinə sıfırdan, daha doğrusu sıfırlanmış elmdən başlamalı oluruq, bu da çətinliyimizi daha da artırır.
10 milyonluq bir ölkə elmə cəmi ildə 80 milyon dollar pul xərcləyir. İsraildən düz 200 dəfə azdır. Bir dənə elmi məhsul istehsal etmək iqtidarında deyil, koronavirus kimi bir dəhşətli təhlükənin qarşısını alma elminə bir qara qəpik pul ayırmadı, bir qlobal kəşfə, soft proqrama, yeniliyə, patentə imza ata bilmədi”.


