Salyandakı dəhşətli cinayətin üstü açıldı – ana və 4 övladının basdırılmış cəsədləri tapıldı – rəsmi

Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar ediblər. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.
Azərbaycan Respublikası Daxili İşlər və Baş Prokurorluğun mətbuat xidmətlərindən Musavat.com-a verilən məlumata görə, dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Qeyd edək ki, 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları – Ümidə, Rəqibə, Sevda, İradənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.
Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Musavat.com

