“Sentyabradək dünyanın yeni siyasi düzəni ilə bağlı ilkin işartıları görə biləcəyik”- politoloq
Elçin Mirzəbəyli: “Ola bilsin ki, Rusiya Suriyadan çəkilsin, çünki bu müharibə ölkədə vətənpərvərlik əhval-ruhiyyəsini gücləndirmək üçün artıq işə yaramır”
Bu gün çoxlarını düşündürən bir məsələ var: koronavirus bitdikdən sonra dəyişən dünyada hərbi konfliktlər hansı istiqamətdə inkişaf edəcək? Rusiyalı şərqşünas Mixail Maqidin iştirakçısı olduğu keçmiş SSRİ məkanındakı hərbi münaqişələrlə bağlı ilginc fikirlər söyləyib.
“Yeni Müsavat” xəbər verir ki, şərqşünas öncə deyib ki, Vladimir Putinin rəhbərlik etdiyi mövcud Rusiya hakimiyyəti davam edərsə, o zaman münaqişələrin həllində heç nə dəyişməyəcək. Amma indi müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq. “Artan iqtisadi böhran şəraitində Rusiyanın Liviya, Suriya və Ukraynadakı müharibələrə xərcləməyə pulu yoxdur. Bundan əlavə, bu müharibələr Rusiya əhalisi arasında narazılıqla qarşılanır. ”Levada” Sorğu Mərkəzinin araşdırmasına görə, 2019-cu ildə rusların 55 faizi Rusiyanın Suriyadakı hərbi əməliyyatını dayandırmalı olduğunu deyirdi. Rusların 41 faizi hesab edirdi ki, Donbasdakı qarşıdurmada Rusiya müstəqilliyini elan etmiş “Donetsk və Luqansk respublikalarına”(dırnaq işarəsi bizimdir-Musavat.com) dəstək verməlidir. 37 faiz inanırdı ki, Rusiya heç kimə dəstək verməməlidir. Respondentlərin 6 faizi isə Rusiyanın münaqişədə Ukrayna və Kiyev hökumətini dəstəkləməli olduğuna inanırdı. Hakimiyyət üçün ürəkaçan olmayan bu tendensiyanın pandemiyadan sonra davam etməsi ehtimalı var. İnanıram ki, hazırkı Kreml rəhbərliyinin getməsindən sonra Rusiya hər üç hərbi münaqişədə iştirakını dayandıracaq. Bunun bir çox səbəbi var: bu müharibələr xalq arasında populyar deyil. Xüsusən daxili iqtisadi böhran şəraitində bu münaqişələrdə iştiraka davam etməyə pul yoxdur. Nəhayət, Rusiyadakı iqtisadi vəziyyəti yüngülləşdirmək üçün Qərbin sanksiyalarının yumşaldılması üçün bunlar lazımdır”.
“Bəs Rusiya rəhbərliyinin müzakirə belə etmək istəmədiyi Krımın taleyi necə ola bilər” sualına cavaba diqqət edək. “Rusiya əhalisinə görə heç kim Krımı heç kimə verməz. Qərb Baltikyanı ölkələrə nəzarəti tam əldə etdikdən sonra Krımla bağlı reallığı bu və ya digər formada qəbul edəcəklər”, – deyə, o bildirib. “Moskvanın birtərəfliliyini qoruduğu digər münaqişələr, məsələn, Ermənistan-Azərbaycan münaqişəsində nə olacaq” sualına isə şərqşünasın ilginc cavabı var. “Düşünürəm ki, belə bir şəraitdə Rusiya Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 7 rayonu geri qaytarmaq cəhdlərinə qarışmayacaq. Hər iki ölkənin müdafiə kompleksləri inkişaf etsə də, vəziyyət daha zəngin Azərbaycanın xeyrinə dəyişir. Vaxt Azərbaycana işləyir və Bakı ”indi və ya heç vaxt” prinsipi ilə müvafiq cəhd edə bilər. Eyni şərt Gürcüstanın Cənubi Osetiya və Abxaziya arasında münaqişə vəziyyətində də mümkündür. Və nəhayət, üç ölkənin-razılaşdırılmış “Davamlı müharibə” və ya “Üç müharibə” cəhdi mümkündür: Ukrayna, Azərbaycan, Gürcüstan müxtəlif vaxtlarda Rusiyanın dəstəyi ilə yaradılan bütün tanınmamış respublikalara qarşı bir cəbhədə birləşir: LDNR-dən Dağlıq Qarabağa qədər…” Şərqşünas hesab edir ki, mövcud pandemiya böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rejimi tab gətirə bilsə, yaranmış vəziyyətdə Türkiyə Cənubi Qafqazda ciddi şəkildə hakim gücə çevrilə bilər.
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, rusiyalı şərqşünasın fikirlərində müəyyən həqiqətlər var: “Amma onun söylədikləri sadəcə ehtimaldır və bir istiqaməti əhatə edir. Nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası təkcə Rusiyaya deyil, dünyanın bütün ölkələrinə təzyiq göstərib. İqtisadiyyatı azad və güclü olanlar, çox güman ki, tez toparlana biləcəklər. Həmçinin yaranmış böhrandan istifadə edərək ciddi və çevik islahatlar apara, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi addımlar ata biləcək ölkələrin də bərpa mərhələsini tez adlamaq imkanları var. Amma bu prosesin tez bir zamanda baş verə biləcəyi inandırıcı görünmür. Heç bir ölkə sadəcə öz sərhədləri çərçivəsində iqtisadi prosesləri sürətləndirmək imkanında deyil”. E.Mirzəbəyli digər bir məqama diqqət yönəltməyi vacib sayır: “Biz istəsək də, istəməsək də dünya iqtisadiyyatı əsasən qloballaşıb və ölkələr iqtisadi münasibətlərdə bir-birindən asılı vəziyyətdədirlər. Digər tərəfdən, avtoritar idarəçilik mexanizmlərinin hələ də aparıcı mövqedə dayandığı ölkələrdə toplumun maraqlarına xidmət etməyən, populyar olmayan qərarların qəbul edilməsi də mümkündür. Məsələn, Rusiya iştirak etdiyi müharibələrdən imtina etməyə, yaxud ölkədə ənənəvi birləşdirici faktor rolunu oynayan ”xarici düşmən” və “vətənpərvərlik” təbliğatını gücləndirmək üçün hətta postsovet məkanında belə yeni münaqişə ocağı yarada, yaxud köhnələrini alovlandıra bilər. Yəni ola bilsin ki, Rusiya Suriyadan çəkilsin, çünki bu müharibə ölkədə vətənpərvərlik əhval-ruhiyyəsini gücləndirmək üçün artıq işə yaramır. Amma neoimperialist təfəkkürlü insanların hisslərinə toxunmaq üçün çar Rusiyasının sərhədləri çərçivəsindəki ərazilərdə hansısa addımların atılması mümkündür. Bütün bunlarla yanaşı, bir məqama da toxunmağı məqsədəuyğun hesab edirəm. Koronavirus pandemiyası iqtisadi-siyasi proseslərlə bağlı proqnozlaşdırmanı xeyli çətinləşdirib”.
Politoloq qeyd etdi ki, hadisələrin necə inkişaf edəcəyi barədə hətta bir gün öncədən belə proqnoz vermək mümkün deyil: “Bu baxımdan tələsməməyi, yaxın bir neçə ay ərzində proseslərin necə cərəyan edəcəyini gözləməyi daha doğru hesab edirəm. Düşünürəm ki, sentyabr ayınadək dünyanın yeni siyasi düzəni ilə bağlı ilkin işartıları görə biləcəyik”.
Pandemiyanın səngidiyi bir ərəfədə artıq konfliktlərlə bağlı yeni xəbərlər gəlməkdədir. Məlumatlara görə, ABŞ İranı Suriyadan sıxışdırıb çıxartmaqda israrlıdır. Bu da heç şübhəsiz İranın əks-reaksiyasına səbəb olacaq. Digər məlumat da İranla bağlıdır. Belə ki, Tehran Vaşinqtona xəbərdarlıq edib. “ABŞ Venesuelaya yanacaq tədarük edən İran tankerlərinə qarşı provokasiyadan yayınmalıdır”. Bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii deyib. (Axar.az) O, Tehranın təhdidlərə fərqli cavab variantlarının olduğunu bildirib: “Tankerlərin göndərilməsi Venesuela hökumətinin sorğusu əsasında gerçəkləşdirilir. Hələlik cavab haqqında danışmaq tezdir, amma bizim bütün variantlarımız masadadır. Ümid edirəm ki, amerikalılar səhvdən qaça biləcək”.
Bu, postpandemiya dövründə baş verəcək hadisələrin anonsu da sayıla bilər. Amma ortada “Çin planı” da var…

