Sergey Qayday: “Ruslar Luqansk vilayətində ilişib qalıblar”
Rusiya ordusu Luqansk vilayətinin Beloqorovka bölgəsində ilişib qalıb və hücumu davam etdirə bilmir”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat yayıb.
“Bu gün rus qoşunları Beloqorovka bölgəsində ilişib qalıb. Və çox güman ki, bu, son bir neçə gündə çoxlu sayda artilleriya anbarını məhv edən Ukrayna topçularının işidir. Rusların maddi-texniki təchizat təminatı olduqca pisdir. Onlar ümumiyyətlə artilleriyasız bir metr də irəliləyə bilmirlər”,-deyə Qayday söyləyib.
Onun sözlərinə görə, bu gün rusların hücumlarının intensivliyi və bölgə ərazilərinin atəşə tutulması halları səngiyib.
Qaydaya görə, Beloqorovka ruslar üçün Luqansk vilayətində Slavyanska və qismən Baxmuta doğru irəliləmək üçün vacib nöqtə sayılır.
Ukrayna rəsmisi Beloqorovka ərazisində Rusiya ordusunun əvvəllər çayı keçərkən yüzə yaxın tank itirdiyini yada salıb.
“İki gün əvvəl artilleriyaçılarımız əsl dastan yazdılar. Topçularımızın sayəsində onlar bu istiqamətdə onlarla tank itirdilər”, – deyə Qayday bildirib.


