“”Sinema güzeli”nin qalibi olmağım çevrəmdəki insanlarda qısqanclıq yaratdı” — Nüsrət Kəsəmənlinin nəvəsi (FOTO / VİDEO)
Türkiyənin “Sinema Güzeli Yarışması” adlı müsabiqəsinin milli seçim turlarının final gecəsi keçirilib.“Ölkə.Az”ın məlumatına görə, final gecəsində münsiflərin səsverməsinə əsasən Cavidan Kəsəmənli, Fidan Qasımova, Elsevər Rəhimov və Cəmilə Hacızadə qalib olublar. Qaliblərdən biri Cavidan Kəsəmənli əməkdaşımızla söhbətində müsabiqə və müsabiqə barədə gəzən söz-söhbətlərdən danışıb. Gənc aktyorun sözlərinə görə, bu müsabiqə əvvəlkilərdən bəzi qaydalara görə fərqlənib:
“Martın 18-də Türkiyədə müsabiqənin finalı keçiriləcək. Hələlik hansı şəhərdə olacağı bəlli deyil. İndiyə qədər müsabiqədə ancaq görüntüyə önəm verilirdisə, Azərbaycandakı yarışmada oynadığımız tamaşalara əsasən qiymət aldıq. Bir oğlan, bir qız olmaqla, altı müəllimin hazırlaşdırdığı on iki nəfər var idi. Yəni, altı cütlük yarışırdı. Onlardan dörd nəfər qalib seçildi və biz dördümüz Azərbaycanı Türkiyədə təmsil edəcəyik. Qaliblər tamamilə obyektiv şəkildə seçilib. Çünki azərbaycanlı münsiflərin balı hesablanmadı. “Yeşilçam”ın məşhur aktyoru Engin Çağlar, Nuri Alço, Aleyna Solaker, Hakan Solaker (həm də yarışmanın təşkilatçısı) və digər münsiflər bizə qiymət verirdilər”.
C.Kəsəmənli müsabiqənin obyektivliyi barədə səsləndirilən fikirlərə də aydınlıq gətirib:
“Bal sistemi türklər tərəfindən tərtib olunmuşdu və onlar Azərbaycanda heç kimi tanımırdılar. Müsabiqə qaliblərinin adına ləlkə yaxmaq, uğuruna kölgə salmaq istəyənlər olur və bu da başadüşüləndir. Çünki uduzanda hər kəs cığallıq edə bilər. Sadəcə, ilk növbədə paxıl olmamaq lazımdır. Hər halda biz Azərbaycanı təmsil etməyə gedirik, bir-birimizin düşməni deyilik. Mənim yerimə başqası da qalib ola bilərdi. Düşünürəm ki, layiq olanlar təmsil etmək haqqı qazandı. Orada da uğur qazanacağıma inanıram. Kimsə düşünər ki, əmim Reşat Kəsəmənlinin qalib olmağımda rolu olub. Orada altı müəllimdən biri Reşat Kəsəmənli idi. Yəni, o adamların jüri heyətinə dəxli yoxdur. Mən də müəllim kimi öz əmimi seçdim. Bizi final gecəsinə müəllimlər hazırlaşdırmışdı. Uğurumuza kölgə salmaq sitəyənlər çoxdur. Hətta bu uğurum çevrəmdəki bəzi insanları da qıcıqlandırıb. Amma fikir vermirəm. Yeri gəlmişkən, məni final gecəsinə hazırlaşdırdığı üçün Reşat Kəsəmənliyə təşəkkür edirəm”.
Qeyd edək ki, Cavidan Kəsəmənli mərhum şair Nüsrət Kəsəmənlinin nəvəsi, aktyor-şair Reşat Kəsəmənlinin qardaşı oğludur.

