Siyasətin akademiki, akademikin siyasəti və İstefa çağırışları
Ey gidi dünya… Bir neçə il öncə Ramiz Mehdiyevin 80 yaşı tamam olanda ölkə mediasında “Siyasətin akademiki” başlıqlı yazılar, siyasət adamlarının eyni məzmunlu rəyləri dolaşırdı.
Hamı bu qocaman dövlət xadiminin siyasət ustası olduğunu qeyd edir, təşkilatçılıq, inzibatçılıq qabiliyyətindən danışır, onu müasir Azərbaycan dövlətçiliyinin sütunlarından biri kimi səciyyələndirirdi.
İqtidar komandası daxilində onun sözünün qabağından söz deyən olmazdı. Arxasınca danışanlar, barəsində nəsə bir neqativ eyham edənlər cəzalandırılardılar: ya vəzifədən qovulardılar, ya növbəti seçkidə deputat mandatı ala bilməzdilər.
Akademik bir yazı yazanda (və ya yazıdranda – belə iddialar vardı) qəzetlər o yazını yenidən tirajlayar, alimlər, politoloqlar məqalənin tezislərini şərh edər, uzun-uzadı tərifləyərdilər.
O vaxtdan çox keçməyib, dünya və dövran da çox dəyişməyib. Dəyişən ən mühüm şey odur ki, Ramiz Mehdiyev dövlətin əsas fiqurlarından biri olmaq statusunu itirib.
İndi onu AMEA prezidenti postundan istefa verməyə çağırırlar. Hər gün çağırışa qoşulanların sayı bir az da artır. Əgər bu günlərdə akademik istefa ərizəsi yazmasa, AMEA-nın qarşısında etiraz aksiyası keçirildiyini də görəcək.
Bu, təkcə keçmişdə adama dinməz-söyləməz itaət edənlərin “qiyamı”, etibarsızlığı deyil, həm də vaxtında getməməyin acı yekunudur.
84 yaşındaykən hələ də siyasi ambisiyalarla çıxış etməyin axırı budur.
Ramiz Mehdiyev siyasətin akademiki olsa da, axırda məlum oldu ki, akademikin siyasəti elə də güclü deyilmiş, onun bütün gücü tutduğu böyük dövlət postunda imiş.
Musavat.com


