Sosial şəbəkələrdə ələ salınan teleserialın rejissoru: “O sözü deyənə də sübut edə bilərəm” – VİDEO
“Rejissor işində heç bir səhv tuta bilməzlər”
“Lider” telekanalında yayımlanan “Ümid yeri” teleserialı bir çoxları tərəfindən tənqid olunur. Sosial şəbəkələrdə serialdan qısa parçalar paylaşan istifadəçilər, ssenarinın, aktyor işinin və digər məqamların gülünc olduğunu deyirlər.
Minval.info-a səsləndirilinən tənqidlərlə bağlı açıqlamasında mühabisəli serialın rejissoru Anar Məmmədəliyev aktyor işinin zəif olduğunu qəbul edib:
“Zəif aktyor işinə qaldıqda hansı filmdə yoxdur ki? Mən ad çəkmirəm, amma digər kanallarda gedən seriallarda da vəziyyət eynidir, hətta onların reytinqi də aşağıdır. Aktyoru xüsusi bir məkanı olmur, ustanı gedib sexdən gətirərsən, ancaq aktyoru seçəcək yer yoxdur ki… Bəzən məhz görkəminə görə çəkirsən, tipaj uyğun gəlir, amma yaxşı oynamır. Bəzən də aktyor işi yaxşı olur, görkəmi uyğun gəlmir. Hər həftəyə bir bölüm verəndə, heç kimlə məşq eləməyə vaxt qalmır. Sadəcə ssenarini göndərirsən aktyora ki, əzbərləsin. Bizdə yerində səsləndirmədir. Sonradan dublyaj ediləndə isə bir başqa problem – sinxron pozuntusu keyfiyyətsizliyi çıxır ortaya. Hər işdə müəyyən çətinliklər olur”.
A.Məmmədəliyev tanınmamış və qeyri-peşəkar aktyorlarla çalışması barədə bildirib ki, məşhur şəxslər də çəkdiyi teleseriallarda yer alıb: “Aktyor elə bir şeydir ki, yolda gedəndə belə istədiyin tipajı tapa bilərsən. Azərbaycanda hansı serial 100 faiz yaxşı alınıb ki?! Bizim serialda Əjdər Zeynalov, Allahverdi Yolçuyev çəkilib. Gələn bölüm Namiq Məna da gələcək”.
Namiq Mənanın daha çox meyxanaçı kimi tanınması barədə fikrimizi qəbul etməyən rejissor “Namiq Mənanın ixtisası aktyordur. “Səadət” serialında əsas rollardan birinə çəkilib, yenə də əsas rola gələcək”- deyə, əlavə edib.
Gənclərin gülüş hədəfinə çevirən səhnələrdən birində yalnızca 1 kameradan istifadə edilib, texniki səhvlər dərhal hiss olunur və aktyorların heç bir orfoepiya qaydasını gözləmədən mətni əzbərdən deyirlər.
Bu tənqidlərə cavab olaraq Anar Məmmədəliyev bildirib ki, rejissor işində heç bir səhv ola bilməz: “Rejissor işində heç bir səhv tuta bilməzsiniz. O sözü deyənə də sübut edə bilərəm. Özüm İncəsənət Universitetini bitirmişəm, Vaqif Mustafayevin tələbəsiyəm. Bundan öncə də “Səadət” seriyalını çəkmişəm. İndi serialları öz gücümüzə çəkirik, bu da, sözsüz ki, təsir edir. Hansısa bir film elmində yazılmayıb ki, serial 1 kamera ilə yox, bir neçə kamera ilə çəkiməlidir. O səhnədə obrazlar arasında söhbət davam edəndə fonda musiqi gedir, heç bir montaj qırılması ola bilməz. Sünilik ayrı məsələ, ancaq mənə burda heç bir texniki səhv göstərə bilməzsiniz. Olsaydı, özüm görərdim. Sünilik olduğunu isə qəbul edirəm”.
Rejissor “Facebook” səhifələrində çəkdiyi serial barədə istifadəçi tənqidlərini birbaşa cavablandırmadan “Oğlanlığına güvənib, sözü canlı demək istəyənlər” üçün öz nömrəsini qeyd etmişdi. Bu hərəkətin hansı zərurətdən irəli gəldiyi sualına cavab olaraq rejissor deyib ki, yersiz fikirlər səsləndirmələri xoşuna gəlməyib:
“Xoşuma gəlməyən odur ki, tənqid yox, yersiz fikirlər səsləndirirlər. İnanın ki, bir dənə də zəng gəlməyib. Mənim məqsədim dava etmək deyil. Tənqid yazırlar heç nə demirəm, tənqiddən nəticə çıxarmaq gözəl şeydir. Ancaq bir də var ki, dəxlisiz müdaxilələr edirlər. Biz filmdən danışırıq, onlar isə filmə aid olmayan bir şeydən danışırlar. Monitor arxası insanlar üçün nömrəni qoydum ki, görüm bir nəfər də zəng edirmi? Tam səmimiyyətimlə deyirəm, heç kim zəng etmədi”.
Dəniz
Minval.İnfo


