Sosioloqdan həyəcan təbili – Bu, insanları intihara sürükləyir
“İntihar xəbərlərini bəzəmək olmaz. Qırmızı xətləri keçmək olmaz”.
Minval.info xəbər verir ki, sosioloq Cavid İmamoğlu intihar xəbərləri barədə münasibət bildirərkən bu sözləri qeyd edib.
Sosioloqun fikrincə, mediada yayılan bu cür informasiyalar həssas əhali qrupu tərəfindən “təqlid” edilə bilər:
“İlk belə təqlid 1774-cü ildə baş verib. Filosof Hötenin “Gənc Verterin əzabları” romanındakı qəhrəmanlığı bir çox gənc tərəfindən kütləvi sürətdə təkrarlandı. Bundan sonra qələm dünyasında bu hal “Verter effekti” kimi geniş yayıldı. Müasir media buna “Copycat” effekti deyir. Bandura sosial öyrənmə nəzəriyyəsində bu məsələnin geniş izahını verib və deyir ki, biz insanlar ətrafdakıların hərəkətlərini təkrarlamağa meyilliyik. İntihar hadisələri ilə bağlı xəbərlər nə qədər geniş yayılsa, toplumdakı kövrək insanlar “sosial öyrənmə” prinsipi ilə bu hərəkətləri təqlid etmək riski böyüyür”.
Cavid İmamoğlu xüsusilə vurğulayıb ki, aparılan müxtəlif tədqiqatlar göstərir ki, kütləvi mediada (televiziya, qəzet, e-qəzet, internet, sosial şəbəkə və s) yayımlanan xəbərlər ilə intihar sayının artması arasında bir başa əlaqə var: “Şəxsən mən bu əlaqəni bilə-bilə heç bir zaman bu mənəvi yükün altına girmərəm. Bir nümunə çəkim sizə, dostlardan biri intihar ilə bağlı seminar təşkil etmək istəyir. Bu gün məsləhətləşirdi ki, adını nə qoyaq seminarın. Dedim, nə qoyursan qoy, ancaq “intihar” kəlməsini o başlıqda istifadə etmə”.
S.M
Minval.info

