Stadionda ağlayan azarkeşin xətrinə…
3-cü qoldan sonra bir cavan oğlan VİP tribunaya tərəf yollandı. O, milli komandanı ürəkdən sevən biri idi. VİP-də Zaur Axundovu gördü. Dərdini ona dedi… Zaur Axundov Futzal Federasiyasının və “Keşlə” klubunun prezidentidir. Sağ olsun, azərkeşi diqqətlə dinləyib ona təsəlli verdi. Görünür, VİP-də cavabdeh şəxs olmadığından Axundova yaxınlaşmışdı. Sözün düzü, Zaur müəllimin özünün əhvalı korlanmışdı…
8 iyun da həmişə olduğu kimi Azərbaycan futbolu tarixinə qara hərflərlə yazılıb. Macarıstana doğma divarlar arasında 1:3 hesabla məğlub olduq. İnanmıram, məğlubiyyətin qaranlıq məqamları, görünməyən tərəfləri olsun. Ard-arda buraxılan səhvlər, mənzil başına çatmayan ötürmələr, qeyri-dəqiq zərbələr, inamsızlıq, həyəcan və oyuna buraxılan yalnış oyunçular. Ən azı start heyətdə meydana çıxan oyunçuların dördü ehtiyyatda əyləşməli, onların yerinə daha səriştəli, təcrübəli və oyuna hazır olanlar döyüşməli idi. Necə ki, Ağabala oyuna gec daxil olub tez bəhrə verdi.
Ağabala Ramazanov və digər can yandıran futbolçular oyuna heç olmasa, 45-ci dəqiqədə daxil olsaydılar, bəlkə də millimizi 90 dəqiqə durmadan dəstəkləyən azərkeşlər evə məyus qayıtmazdılar. Özü də şəhərin bir başından. “Bakcell Arena”nın Əhmədli qəsəbəsinə yaxın yerdə yerləşməsi, istər-istəməz şəhər ətrafında yaşayan insanlar üçün uzaq düşür. Tofiq Bəhramov stadionu isə belə deyil, həm metronun ağzında yerləşməsi və şəhərin tam mərkəz nöqtəsi olduğuna görə, çox əlverişlidir. Lakin milli komanda qalib gəlsəydi, yol gözə görünməzdi. Nə isə…
Gözümüzü tikmişik sabahkı oyuna – Azərbaycan-Slovakiya…
Son illərin orta səviyyəli millisi. Oyunçularının əksəriyyəti avropanın yaxşı klublarında çıxış edir, səviyyə fərqi də var, amma bu heç vaxt bizim milli komandanın uduzmasına səbəb ola bilməz. Çünki bu səbəb deyil. Səbəb o zaman olardı ki, onların 4 ayağı bizim 1 ayağımız olardı. Slovakiya bizə tanış rəqibdir, indiyə qədər 6 dəfə görüşdüyümüz rəqiblə oyundan 1 dəfə qalib, 5 dəfə məğlub ayrılmışıq.
Bu komandaya 4 qol vurmuşuqsa, 12 dəfə qapımıza qol vurublar.
1995 – 4:1
1995 – 0:1
1998 – 3:0
1999 – 0:1
2001 – 3:1
Nəhayət, 2001-ci ilin 6 iyununda futbolumuzun baş məbədi olan Tofiq Bəhramov da tilsimi Vadim Vasilyevin və Zaur Tağızadənin qolları ilə qırıb – 2:0 qalib gəlmişik.
17 il keçib o qələbədən. Sabah da o tarixi təkrarlaya bilərik, ən azı Şenol Günəş demişkən “Qeyrət, dua, ümid” hamısı var bizdə. Sadəcə, qalıb oyuna çıxıb, meydanda can qoyub, qalib gəlib, ən asası, azərkeşləri sevindirmək. Oyun zamanı qalib olmaq üçün ağlayan azərkeşi yada salmaq yetər. Uğurlar…
Ağa Dadaşzadə / Minval.info

