Sumqayıtda məcburi köçkünlərin yeni mənzillərə köçürüləcəyi tarix açıqlandı: yeni bağça və məktəb də inşa olunacaq
“Sumqayıtda 13 min ailə olmaqla ümumilikdə 60 000-dən çox məcburi köçkün yaşayır. Onlar qəzalı vəziyyətdə olan binalarda, təhsil ocaqlarında, bağçalarda, universitetin, kolleclərin yataqxanalarında və digər yerlərdə məskunlaşıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Sumqayıtda 12-ci mikrorayon ərazisində 10 binadan ibarət olmaqla 1000 mənzilin tikintisinə başlanılıb”.
Minval.İnfo-nun Xeberle.com-a istinadən verdiyi məlumata görə, bu sözləri Sumqayıtda 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.
Z.Fərəcov yaşayış kompleksinin istifadəyə veriləcəyi tarixi də açıqlayıb: “Yaşayış kompleksi may ayında hazır olacaq və 1000 ailə o binalara köçürüləcək. O, ərazidə həmçinin uşaq bağçası və 700 şagirdlik məktəbin tikintisi də həyata keçiriləcək. Bu isə sentyabr ayına qədər təhvil veriləcək”.

