Suraxanıda məktəbdən 7500 manat dəyərində kompüter avadanlıqları oğurlayan şəxs saxlanılıb
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən məktəblərdən birindən oğurluq edilib.
Məktəb rəhbərliyi Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsinə müraciət edərək informatika otağından 7500 manat dəyərində kompüter avadanlıqlarının oğurlandığını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, ifadəsində oğurluq etdiyini etiraf edib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı bölmədə toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. H.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

