Azərbaycanlı İŞİD komandiri öldürüldü

Suriyanın şimalında, Türkiyənin hərbi iştirakının olduğu və “Nüsra Cəbhəsi”nin nəzarətində olan (indiki adı “Heyət Təhriruş-Şam”) İdlib bölgəsində azərbaycanlı İŞİD komandiri öldürülüb.
Virtualaz.org xəbər verir ki, bu məlumatı türkdilli “İslahHaber.net” portalı yayıb. Həmin İŞİD komandirinin “Heyət Təhriruş-Şam” qruplaşmasının üzvləri ilə atışmada öldürüldüyü bildirilir.

Mənbə bildirir ki, son vaxtlar “Heyət Təhriruş-Şam” qruplaşmasının nəzarətində olan “azad bölgədə” bu qruplaşmanın üzvlərinə qarşı bomba yüklü motosikletlərlə, yollara mina basdırımaqla və digər üsullarla çoxsaylı sui-qəsdlər təşkil edilib. Nəticədə onlarla adam ölüb, çoxlu sayda yaralanıb.

Sui-qəsdləri həyata keçirilənlərin bəziləri yaxalanıb və şəriət məhkəməsinə çıxarılıb. Onların ifadələri əsasında həmin sui-qəsdlərin arxasında İŞİD və Bəşər Əsəd rejimini dəstəkləyən qüvvələr olduğu müəyyənləşib. “Bu səbəbdən azad bölgədə xalqın əmin-amanlığını təmin etmək üçün “Heyət Təhriruş-Şam” vaxtaşırı olaraq təhlükəsizlik əməliyyatları həyata keçirməkdədir”-“Əl-Qaidə” terror şəbəkəsinin Suriyadakı “filialı” olan “Nüsra Cəbhəsi”inə açıq simpatiya ifadə edən türkdilli sayt yazır.

Sayt “Heyət Təhriruş-Şam”a bağlı “təhlükəsizlik xidmətinin” rəhbəri “Üsəma Xalid” adlı terrorçuya istinadən bildirir ki, sui-qəsdlərə görə ələ keçirilən bir nəfərin ifadəsi əsasında İdlibin qərbində yerləşən Salkın qəsəbəsində İŞİD-in nəzarətində olan gizli düşərgə müəyyən edilib. Həmin düşərgəyə “Heyət Təhriruş-Şam” qruplaşması tərəfindən bir neçə gün əvvəl basqın edilib və bu zaman atışmada İŞİD-in sui-qəsdlər üzrə ixtisaslaşmış bir neçə yüksək rütbəli komandiri öldürülüb. Öldürülənlər arasında bu günlərdə İdlibdə sui-qəsd əməliyyatları həyata keçirən Azərbaycan əsilli İŞİD komandiri “Əbu Camal Azəri” də yer alır. Sayt həmin İŞİD terrorçusunun cəsədinin fotosunu da dərc edib.

