“Təbiətimiz eyni, mətbəximiz daha zəngin, turistlər niyə Gürcüstana gedir?”
“Dünyada gedən çətin iqtisadi vəziyyətə baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişafa doğru gedir və bir çox iqtisadi islahatlar həyata keçirilir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Azərbaycanda turizmin inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən sahibkarların dövlətin güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması” mövzusundakı konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, artıq ölkədə 900 minə yaxın sahibkarlıq subyektləri qeydiyyatdan keçib:
“Təbii ki, bu sahədə çətinliklər də mövcuddur. Ancaq biz bu kimi görüşlər keçirərək problemləri birlikdə həll etməyə çalışırıq. Turizmin inkişafı hazırda qeyri-neft sektorunda əsas prioritet məsələlərdən biridir. Bu səbəbdən də turizm sektorunda fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən maddi dəstək göstərilir. Odur ki, 200-dən çox turizm sahəsində fəaliyyət göstərən sahibkarlara 45,5 milyon manat güzəştli kredit verilib”.
Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, regionlarda turizmin hazırkı vəziyyəti ilə bağlı geniş monitorinq aparılıb:
“15 rayonda monitorinq aparılıb və nəticələri barədə hesabat artıq bizə məlumdur. Hesabat ölkə Prezidentinə təqdim olunacaq. Onu da qeyd edim ki, xidmət sahəsində olan problemlər də bizə aydındır”.
Sahibkarların İnkişafı Fondu İdarə Heyətinin sədr vəzifələrini icra edən Arif Vəliməmmədov çıxışında qonşu ölkələrə turist axınının olduğunu vurğulayıb:
“Ötən il Gürcüstanın turizm hesabatında yüksək göstərici olub. Belə ki, ölkəyə ölkə əhalisindən 2 dəfə çox turist axını olub. Bizim üçün əsas məsələ və mənfi hal ondan ibarətdir ki, həmin turist axınının böyük hissəsini Azərbaycandan olan turistlər təşkil edib. Təbiətimiz eyni, region olaraq qonşu dövlətik, bizim mətbəximiz daha zəngindir. Bəs niyə turistlər bizə yox qonşu ölkəyə getməyi üstün tutur? Nə səbəbdən ölkə əhalisi istirahət üçün əsasən qonşu ölkəyə üz tutur? Bu suallara cavab tapmalı və həll etməyə çalışmalıyıq”.

