Tahir Mirkişili: “Büdcə Məcəlləsinin qəbul edilməsinə ehtiyac var”
Milli Məclisin hazırda davam edən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı çıxış edən komitə sədri Tahir Mirkişili bir sıra məsələlərə diqqət çəkdi. Komitə sədri dedi ki, dövlət maliyyə nəzarəti orqanın fəaliyyətinin anlaşılan olması vətəndaşın inamını daha da artıran parametrlərdir.
Deputat qeyd etdi ki ki, daimi olaraq beynəlxalq təcrübənin öyrənilməsi palatanın elmi fəaliyyətinin güclənməsi deməkdir: “2019-cu ildə ilk dəfə təkcə xərclərin deyil, həm də büdcə gəlirlərinin audit edilməsi mühüm addımdır. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsi ümumilikdə hesabata müsbət rəy verib. Amma bizi narahat edən bəzi məqamlar da var. 2019-cu ildə audit fəaliyyətinin azalması bizi narahat etməyə bilməz. Yoxlanılan təşkilatların informasiya sistemlərinə çıxışının az olması qarşıya qoyulan hədəflərə nail olunmasına ciddi əngəl yaradan amillərdəndir. Uğurlu fəaliyyətin əsas kriteriyası yalnız cəza vermək, büdcəyə vəsait cəlb etmək deyil. Azərbaycanda sosial dövlət konsepsiyasının həyata keçirildiyini nəzərə almalıyıq”.
T.Mirkişili qeyd etdi ki, hesabat həm də komitə qarşısında böyük çağırışlar yaradır: “Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var – xüsusilə Büdcə Məcəlləsinin qəbul edilməsinə. “Satınalmalar haqqında” qanunun təkmilləşdirilməsinə də zəruri ehtiyac yaranıb”.

