“Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirilib

Bu gün Talassemiya Mərkəzində “Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirilib.
Konfrans Talassemiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Konfransın əsas məqsədi kütləvi informasiya vasitələri ilə birgə talassemiyadan əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi və bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ictimaiyyətin kütləvi maarifləndirilməsi, talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə və təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə düzgün PR və digər maarifləndirmə vasitələri ilə dəstək vermək idi.
Tədbirdə Səhiyyə Komitəsinin sədr müavini, deputat Musa Quliyev, Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov, həmçinin nazirliklər, dövlət qurumlarının, KİV-in və ictimai birliklərin nümayəndləri iştirak etdilər.
Tədbir Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynovun çıxışı ilə başlayıb. O, öz çıxışında konfrans iştirakçılarına xəstəliyin etiopatogenezi, klinikası, müalicəsi, eləcə də inkişaf sxemi, yayılma arealı və müasir tibbi metodların tətbiqi ilə xəstəliyin minimuma endirilməsi, eyni zamanda Talassemiya Mərkəzində aparılan islahatlar, talassemiya xəstələrinə göstərilən tibbi xidmətin təkmilləşdilməsi istiqamətində həyata keçirilən tədbirlər, xəstəliyin profilaktikası üzrə əhalinin maarifləndirilməsi ilə bağlı görülən işlər haqda məlumat verib.
Sonda “Ən yaxşı jurnalist layihəsi” adlı müsabiqə elan edilib. Həmçinin müsabiqə çərçivəsində talassemiya ilə mübarizəyə kompleks yanaşmanı təmin etmək məqsədilə bu il ərzində jurnalistlərin inkişafyönümlü, maarifləndirici layihələrinin həyata keçiriləcəyi də bilirilib.








