“Taliban” keçmiş məmurların sərvətini müsadirə etdi

“Taliban” nəzarətində olan Əfqanıstan Mərkəzi Bankı keçmiş hökumət rəsmilərinin evlərindən və yüksək rütbəli təhlükəsizlik işçilərinin ofislərindən 12 milyon dollardan çox pul və qızıl külçələrin müsadirə olunduğunu açıqlayıb.
Minval.info ISNA-ya istinadla xəbər verir ki, sərvətin böyük hissəsi eks-prezident Əşrəf Qəni və sabiq vitse-prezident Əmrullah Salehin evlərində tapılıb.
Saleh hələ bu mövzuda açıqlama verməyib.
O, Əhməd Məsudla birlikdə Pəncir əyalətində “Taliban”a müqavimət göstərir.
“Taliban” “Twitter”də Salehin evində 6 milyon dollardan çox nağd pul və 18 qızıl külçə tapıldığını açıqlayan video paylaşıb.
Xatırladaq ki, sentyabrın 12 -də Cenevrədə Əfqanıstana maliyyə yardımı mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları “Taliban” hökumətini tanımadan Əfqanıstana 1 milyard dollardan çox humanitar yardım çatdırmağı vəd ediblər.

