Tarixdən bir yarpaq: Hambalların serial qatili və ya şair Abbas Səhhət Lalayantsın qisas alacağını necə bilmişdi…

XX əsrdə azərbaycanlılara qarşı erməni adlandırılan haylar tərəfindən törədilən soyqırımım 1-ci mərhələsi 1905-1907-ci illəri əhatə edib. Sonrakı mərhələlərdə (1918-1920 və 1988-1993-cü illər) olduğu kimi əsrin əvvəlində də coğrafi məkan bütöv Azərbaycan, etnogenetik hədəf də Azərbaycan xalqı olub. Həmin hadisələrin canlı şahidi olmuş Azərbaycan ədəbiyyatının romantizm cərəyanının nümayəndəsi, şair-tərcüməçi Abbas Əliabbas oğlu Mehdizadənin (Abbas Səhhət) 1905-1907-ci illərdə Şamaxı şəhərində hay (erməni) xisləti nəticəsində yaşanan faciələr barədə xatirələri şagirdi coğrafiyaşünas-toponimist Rəmzi Möhsün oğlu Yüzbaşovla (1906-1990) söhbətimiz zamanı qələmə alınıb. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq onu təqdim edirəm.
“Əsrin əvvəllərində əsasən Bakı quberniyasına, o cümlədən Şamaxı qəzasına Orta Asiyadan, Cənubi Azərbaycandan, Dağıstandan çoxlu ucuz işçi qüvvəsinin axını yaranmışdı. Xeylisi Şamaxı şəhərində yerləşən bu insanlar əsasən hambalşılıqla məşğul olurdular. Bu zaman şəhərin yuxarı hissəsində Lalayants soyadlı yaşı 80-i ötən bir varlı erməni yaşayırdı. Şəhərdə hambalların sayının gündən-günə azalması şəhər əhlinin nəzərini cəlb etməklə narahatlıq yaratdığından onlar bunun səbəbini araşdırmaq qənaətinə gəlirlər. İlk öncə həmin haydan şübhələndiklərinə görə onu izləyirlər.
Bir gün erməni şəhərin aşağı məhəlləsində, Cümə məscidi yaxınlığında yerləşən bazardan bir kisə kömür alır, evinə aparmaq üçün bir hambal tutur, özü də onunla bərabər yaşadığı məhəlləyə yollanır. Cavanlardan iki nəfər də onların ardınca düşür. Həyətə çatanda cavanlar görürlər ki, Lalayants hambalı həyətə buraxdı, qapını bağladı. Bir azdan cavanlar hasarı aşıb həyətə düşəndə erməninin əlundə qanlı xəncər həyətin aşağı hissəsindən gəldiyini görürlər. Kərpiclə vurub onu yerə sərirlər, əlindəki xəncəri alırlar, soruşurlar ki, hambal hanı. Lalayants əliylə həyətdəki quyunu göstərir. Cavanlar quyuya baxanda qalaqlanmış cəsədləri görürlər. Soruşurlar ki, niyə belə etmisən? Erməni cavab verir ki, bu yaşımda bacardığım iş budur, onu da görmüşəm. Cavanlar da onu öldürürlər, deyirlər, bizim də bacardığımız budur.
Bu söhbəti A.Səhhət 1917-ci ilin dekabrında edib. O zaman şair deyib ki, həmin erməninin yaxın qohumu Stepan Lalayants Rusiya zabitidir, cəbhədən (1-ci dünya müharibəsi nəzərdə tutulur- Q.Y.) gəlib, Bakıdadır, Stepan Şaumyanın “sağ əlidir”. Qorxuram ki, o şamaxılılardan qisas alsın”.
Aradan bir neçə ay keçdikdən sonra, 1918-ci ilin mart-aprel aylarında S.Şaumyan və S.Lalayants başda olmaqla quldur-qaniçən erməni-daşnak dəstələri nəinki Bakı şəhərində, Şamaxı qəzasında, eləcə də bütöv Azərbaycanda yerli xalqlara qarşı soyqırım törətdilər. Necə deyərlər, şairin ağlın gələn, xalqın başına gəldi.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

