“Telefonçu qız” filminin baş rol ifaçısı Ukraynada mükafatlandırılıb

Aktrisa çıxışında çəkildiyi filmlər haqqında məlumat verərkən Azərbaycan istehsalı olan “Telefonçu qız” filmi haqqında xoş xatirələrini danışıb.
Azərbaycanın sevilən “Telefonçu qız” filmində Mehriban obrazını canlandıran Ukraynanın Xalq artisti Raisa Nedaşkovskaya daha bir mükafata layiq görülüb.
Minval.info xəbər verir ki, Raisa Nedaşkovskaya teatr sənətinin inkişafındakı xidmətinə görə “Kiyevskaya Pektoral” mükafatı alıb.
Mükafatlandırma mərasimindən öncə Kiyevin bir neçə teatrlarının aktyorları tərəfindən səhnəciklər göstərilib.
Mükafat təqdim edildikdən sonra çıxış edən R.Nedaşkovskaya göstərdikləri etimada görə təşəkkürünü bildirib.
Karyerası haqqında danışan aktrisa kino və teatr sənətini seçdiyi üçün xoşbəxt olduğunu vurğulayıb. O, çıxışında çəkildiyi filmlər haqqında məlumat verərkən Azərbaycan istehsalı olan “Telefonçu qız” filmi haqqında xoş xatirələrini danışıb.

