Türkiyəli sənətçi Azərbaycan mahnısını oğurlayıb – Video
Azərbaycanın mərhum bəstkarı Tahir Əkbərin bəstələdiyi musiqi türkiyəli sənətçi tərəfindən oğurlanıb.
Minval.info xəbər verir ki, prodüser Tarix Əliyev “Hər şey daxil” verilişində gündəmə gətirib. Belə ki, bəstəkarın “Əzizim” adlı mahnısı Türkiyənin tanınmış musiqiçisi Halil Karaduman tərəfindən illər əvvəl oğurlanıb. Onun və Ali Tekintürenin (söz) müəllifliyi ilə MESAM-da (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği) qeydiyyatdan keçirilib.
Tolik canlı efirdə əsərin ifa edənlərdən biri müğənni Aybəniz Abbasova ilə telefon vasitəsilə əlaqə saxlayıb və ondan açıqlama alıb.
“Bu mahnı 1989-cü ildən Azərbaycan Respublikasının Dövlət Qızıl Fondunda qorunan əsərdir. İlk ifaçısı Nisə Qasımova olub. Bizə sonradan xəbər gəldi ki, bu əsər 1997-ci ildə Halil Karaduman deyilən birisi oğurlayıb. Mahnının sözləri Ali Tekintüre tərəfindən dəyişdirilib. Hətta biz türk səfirinin yanında da olduq, bütün sənədləri göstərdik. Halil Karadumanın qardaşı ilə də danışdıq, o, təklif etdi ki, mahnını MESAM-da (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği) keçirərik Tahir müəllimin adına. Amma bunun baş tutacağına inanmıram və dediyi ilə razılaşmadım”.
Tarix Əliyev Aybəniz xanımda müvafiq dövlət qurumunun məsələyə münasibətini soruşub. İfaçı isə hələ ki, rəsmi reaksiyanın gəlmədiyini bildirib.
Minval.info

