Türkiyəli telejurnalist Azərbaycana gəldi, dünyaya səs salan videolar hazırladı – VİDEOLAR

Atakan Kərküklü: “Tamaşaçılarımıza insan hekayələrini çatdırdıq”; TRT World kanalında silsilə Azərbaycan reportajları

Türkiyənin nüfuzlu TRT World kanalının heyəti Azərbaycanda olub. Xocalı qətliamının ildönümü ilə bağlı olaraq silsilə müsahibə və reportajlar hazırlayan qrup eyni zamanda döyüş bölgələrində, sərhədyanı ərazilərdə də olublar. Onlarla insan hekayələrini dinləyən həmkarlarımız artıq bu materialları çalışdıqları media qurumunda yayımlayıblar.

“Yeni Müsavat” qəzetinin əməkdaşı TRT World heyətinin 1 həftəyə yaxın davam edən Azərbaycan səfərinin Türkiyə kanalında necə işıqlandırılması ilə tanış olmaq üçün kanalın layihə prodüsseri Atakan Kərküklü ilə söhbətləşdi.

Müsahibimiz öncə hazırladıqları materialların yayımlanma ardıcıllığı ilə bağlı danışdı:

– İndiyə qədər 5 fərqli xəbər, 5 gün boyunca yayımlandı. Fevralın 26-da, bazar ertəsi günü Xocalı qətliamı ilə bağlı xəbəri yayımladıq. Çərşənbə axşamı, 27-də Dağlıq Qarabağ mövzusu ilə bağlı geniş bir material yayımladıq. Eyni şəkildə çərşənbə günü Dağlıq Qarabağ probleminin daha qlobal səviyyədə müzakirəsi oldu. Yəni, “bu problemə qonşu ölkələrin təsiri hansı səviyyədədir” mövzusu da süjetdə öz əksini tapdı. Cümə axşamı günü yayımlanan material Azərbaycan və Türkiyə arasındakı ortaqlıqlar, münasibətlərlə bağlı oldu. Cümə günkü xəbər isə Azərbaycanın son zamanlar neft, enerji sektorundakı durumunu özündə əks etdirirdi.

Bazar ertəsi günü Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyevi də İstanbuldakı studiyamızda qonaq etdik. 3 saat boyunca fərqli mövzularla bağlı çıxışlar etdi. Günortadan sonra, saat 1, 2 və 3 xəbər bülletenlərimizdə hər dəfə H.Hacıyev çıxış edərək, Dağlıq Qarabağ mövzusu ilə bağlı danışdı.

Daha bir siyasi verilişimiz olan “Newsmakers”da isə paket yayımlandı. Biri Xocalı qətliamı ilə bağlı özəl bir süjet, digəri isə mənim hazırladığım, Xocalı qətliamında həyat yoldaşını və uşaqlarını itirən bir qadından götürdüyüm müsahibə idi. Toplamda 7 ayrı süjet bir neçə gün boyunca yayımlandı. Bir dəfə də Azərbaycandan, Türkiyədən və Ermənistandan olan ekspertlərin iştirakı ilə bir siyasi müzakirə keçirdik. Bu verilişə qatılanlardan biri azərbaycanlı ekspert Əhməd Şahidov, digəri Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, digərləri isə Ermənistan və Türkiyədən olan ekspertlər idi.

Bunlarla paralel Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri, prezidentin köməkçisi Əli Həsənovla da ayrıca müsahibəmiz oldu. Bununla da TRT World kanalında ilk dəfə “Azerbaycan special” oldu.

– İngilisdilli tamaşaçıların reaksiyası, gələn təpkilər necə idi, Atakan bəy?

– Çox gözəl idi. Çünki bu, bizim ilk dəfə həyata keçirdiyimiz bir layihə idi. Həm Türkiyədən, həm də Azərbaycandan müsbət reaksiyalar gəldi. Çünki bu reportajlar seriyasını həyata keçirmək üçün bizə yüksək səviyyədə dəstək gəldi. Başda Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu olmaqla, ekspert Əhməd Şahidov, millət vəkilləri, rayon icra rəhbərləri, ayrı-ayrı insanlar bu çəkilişlər üçün bütün qüvvələrini səfərbər etdilər və bizə yardımçı oldular. Gerçəklərin ortaya çıxması, reallıqları dünyaya çatdırmağımız üçün hər kəs əlindən gələni etdi. Yerlərdə isə çoxlu sayda insan hekayələri dinlədik və bunu tamaşaçılarımıza çatdırdıq.

– Videomaterialların izlənmə səviyyəsi  barədə nə deyə bilərsiz?

– Facebook üzərindən paylaşdığımız tək bir video 70 min izləyici tərəfindən baxılıb. Amma bunun xaricində youtube.com və facebook kanalımızda yayımladığımız verilişlərlə bağlı insanlar şərhlər yazırlar, reaksiyalarını bildirirlər. İnsanlara Qarabağ həqiqətlərini anlatmaq imkanımız oldu. Nəticələr isə qürurvericidir.

– Siz dünya televiziyaçılıq prinsipləri əsasında yayımçılqıla məşğulsuz və bu yayımçılığın əsas şərtləri tərəfsizlik, tərəflərə bərabər söz haqqı tanınmasıdır. Bəs bu halda Xocalı qətliamı, Qarabağ münaqişəsi ilə bağlı xəbər və reportajlarınızda qarşı tərəfin olmaması bu prinsipə, ümumən layihənizə xələlə gətirdimi?

– Bizim mövzumuz Xocalı qətliamı və Dağlıq Qarabağ olduğu üçün biz hər iki tərəfi dinləməyi çox istədik. Amma səfərimiz Azərbaycan sərhədlərində qaldığına görə bu arzumuzu gerçəkləşdirə bilmədik. Biz Dağlıq Qarabağa da səfər etmək istəyərdik, amma bu bölgə işğal altında olduğu üçün mümkün olmadı. O bölgə dünya miqyasındakı ölkələr tərəfindən tanınmayıb, bir ölkə sayılmır. Bizim də həmin bölgəyə gedib, xəbər, reportaj hazırlamaq imkanımız yox idi. Amma biz bu olayı burda tərəfsiz olaraq yayımlayanda gerçək yaşanmışlıqları çatdırmağa çalışdıq. Bundan başqa, reportaj və xəbərlərimizdə də birmənalı olaraq  öz mövqeyimizi işıqlandırmadıq. Sadəcə insan hekayələri və müsahibələrini yayımladıq. Bir dəfə də həm azərbaycanlı, həm erməni, həm də amerikalı ekspertin iştirakı ilə bir veriliş hazırladıq. O səbəbdən də tərəfsiz yayım həyata keçirdiyimizi düşünürəm.

– Azərbaycana növbəti səfəriniz nə vaxta planlaşdırılır? Prezident seçkiləri ilə bağlı eyni verilişlər paketini hazırlamaq fikriniz varmı?

– O məsələ hələ plan mərhələsindədir. İnşallah, gerçəkləşəndən sonra seçkiləri yüksək səviyyədə işıqlandırmağı çox istəyirik.

P.S. Aşağıdakı linklərə daxil olaraq TRT Word ekranlarında Azərbaycanla bağlı yayımlanan xəbər, reportaj və müsahibələri izləyə bilərsiniz. Bunlar Azərbaycan gerçəkləri və Xocalı soyqırımı ilə bağlı ingilisdilli auditoriya üçün nəzərdə tutulan hazır, çox faydalı materiallardır. Hesab edirik ki, Azərbaycanla bağlı beynəlxalq səviyyədə fəaliyyət göstərənlər üçün də mötəbər və əyani vəsaitlərdir.  

Video

Nəşr edilib: 2018/03/14 15:45

Baxış: 381


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06