Türkiyə seçkiləri: qalib iqtidar, yoxsa müxalifətdir?
Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərində 99,01% bülleten hesablandıqdan sonra nəticələr məlum olub.
Bu nəticələrə əsasən, AKP 44,42%, CHP 30,07%, İyi Parti 7,46%, MHP 7,25%, HDP 4,22%, Səadət 2,68%, DSP 0,99% və müstəqil namizədlər 0,93% səs toplayıblar. Seçici siyahısında 57 milyon, 93 min 410 nəfərin adı olsa da, seçici aktivliyi 84,54%-ə çatıb.
Bu nəticələr o anlama gəlir ki, AKP və MHP-nin birlikdə yaratdığı “Cümhur İttifaqı” seçkilərin qalibidir. Amma bu qələbəyə rəğmən seçkilər hazırkı Türkiyə iqtidarı üçün daha çox “Pirr qələbəsi” kimi qələmə verilir. Bu da səbəbsiz deyil. Çünki İstanbul, Ankara, İzmir, Antalya, Adana kimi böyük şəhərdə CHP qalib gəlib.
Ekspertlər bu seçkilərin nəticələrini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iqtidarı üçün SOS siqnalı kimi qələmə verirlər. Nəticələrin gələcəkdəki seçkilərə mütləq təsir edəcəyi istisna edilmir.
Amma bununla belə, Türkiyədə qarşıdakı 4 ildə heç bir seçkinin olmayacağını nəzərə alsaq, Ərdoğan hökuməti üçün nələrisə dəyişmək hələ gec deyil.
Fazil Mustafa: “Seçkilər Türkiyə xalqının seçimidir”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa modern.az-a açıqlamasında bildirib ki, əsas narahatlığı İğdırla bağlı idi: “Türkiyədəki bələdiyyə seçkilərini izləyərkən narahatlığım İğdırla bağlı idi. Qalan məsələlərə əhəmiyyət vermirdim. Çünki seçkilər Türkiyə xalqının seçimidir. Qərar veribsə, deməli, öz xeyrinə olanı verib. Bələdiyyə seçkiləri Türkiyə üçün çox önəmlidir. Daxili siyasətdə çox ciddi dəyişikliklər deməkdir. İndiki iqtidar partiyası uzun illərdən sonra ilk dəfə böyük şəhərlərdə, məsələn, İzmirdə məğlub olması gözlənilən idi. Ankarada, İstanbulda məğlub olması isə yeni bir situasiya yaradır. Ancaq bu, Türkiyə dövlətinin ümumi kursunun dəyişməsinə əsas vermir. Çünki Türkiyədə əsas fiqur prezidentdir. Təbii ki, bunun Türkiyədəki iqtidar siyasətinə təsiri olacaq. Əsas İğdırdakı hadisə bizim üçün xoşagələn deyil. Çünki İğdır Türkiyə ilə qapımızdır. Onun HDP-nin əlinə keçməsi yaxşı hal deyil. Ancaq bu günə kimi də belə idi. Yəqin ki, bundan sonra da bir problem olmaz. Türkiyənin dövlət quruluşları, daxili qoşunları güclüdür. Ona görə də İğdırda hər hansı terror təbliğatının genişlənməsinə imkan verməyəcək. Ümid edirəm ki, seçki bütövlükdə Türkiyə cəmiyyətinin reallıqlarını üzə çıxartdı. Müəyyən dərəcədə xalq daxili siyasətdə dəyişiklik istədi və bunu etdi. Baxmayaraq ki, iqtdidar partiyası öndədir, gözlənildiyindən daha az səs aldı və xüsusilə böyük şəhər bələdiyyələrində itkilərə məruz qaldı. Ümid edirəm ki, bələdiyyə seçkiləri Türkiyə xalqı üçün xeyirli olacaq”.
Elxan Şahinoğlu: “HDP-nin az səs toplaması AKP-nin uğuru sayıla bilər”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyədəki seçkilərdə olan sürprizlərdən söz açdı: “Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərinin ən böyük sürprizi hakim Ədalət və İnkişaf Partiyasının İstanbulda cüzi fərqlə olsa belə məğlubiyyətlə üzləşməsidir. Rəcəb Tayyib Ərdoğan İstanbul uğrunda var gücü ilə yarışırdı. Bu, səbəbsiz deyil. İstanbul hər mənada Türkiyənin yarısı deməkdir. Buna görə də Ərdoğan gün ərzində İstanbulda o mitinqdən bu mitinqə tələsir, namizədi Binəli Yıldırımın qələbəsinə çalışırdı. Olmadı. Üstələg, Ankara da əldən getdi. Bu, gələcəkdə Ərdoğana müəyyən problemlər yaradacaq. Çünki Ərdoğanın İstanbulla bağlı böyük layihələri var idi. Bu layihələri İstanbulun CHP bələdiyyə başçısı ilə reallaşdırmaq çətin olacaq. Buna baxmayaraq, AKP ilə MHP ittifaqı say etibarilə bələdiyyələrin çoxunda qələbə qazandı. Kürdlərin yaşadıqları bölgələrdə PKK-nın siyasi qanadı sayılan HDP-nin az səs toplaması AKP-nin uğuru sayıla bilər. Məsələn, Hakkari 1990-cı illərdən bu yana PKK uzantılarının qalası sayılırdı. Hakkaridə AKP-nin namizədi HDP namizədi üzərində böyük fərqlə qələbə çaldı. Bunun səbəbi odur ki, kürdlərin yaşadıqları bölgələrə qəyyum bələdiyyə başçıları təyin olunmuşdular. Onlar yerli insanların dəstəyini qazanmaq üçün çox iş gördülər və bununla kürdlərin inamını qazandılar.
O da sübut olundu ki, bələdiyyələr yaxşı işlədikləri halda kürdlər yaxşı bələdiyyə başçısını PKK uzantılarından üstün tuturlar. Bələdiyyə seçkisində MHP-nin həm AKP ilə birgə, həm də ayrılıqda uğur qazandığını söyləmək olar. CHP ilə koalisiyada olan İyi Parti isə uğur qazanmadı. CHP ilə koalisiyada olan Səadət Partiyası da xüsusi fəallığı ilə seçilə bilmədi. AKP və MHP koalisiyası ilə mübarizədə bütün yük CHP-nin üzərində qaldı. Buna rəğmən, hazırda Türkiyənin siyasi sistemində iki qütb formalaşıb. Birinci qütbdə AKP və MHP koalisiyası yer alıb, ikinci qütb CHP ətrafında formalaşıb. Ancaq bunu iki partiyalı siyasi sistem adlandırmaq olmaz. Çünki birinci qütb sağçı və millətçi qüvvələrin birliyidirsə, ikinci qütbdə sollar, sağlar, dinçilər, hətta PKK uzantıları yer alıb. Sonuncu ilə bağlı onu demək lazımdır ki, Türkiyədəki kürdlərin səsləri parçalanıb. Əgər 2000-ci illərdən başlayaraq kürdlərin səsləri PKK-nın siyasi qanadları ilə AKP arasında bölünürdüsə, bu bələdiyyə seçkilərində uzun illərdən sonra CHP-yə da ciddi pay çatdı. Məsələn, CHP-nin Ankara və İstanbuldakı uğurunun arxasında bu şəhərlərdə yaşayan kürdlərin səsləri də əhəmiyyətli rol oynadı. Halbuki keçmiş illərdə bu şəhərlədə kürdlərin səslərinin əsas hissəsi AKP-nin payına düşürdü. Görünür, AKP-nin millətçi MHP ilə koalisiyası kürdlərin bir hissəsinin səsinin hakim partiyadan qopmasına səbəb olub. Bələdiyyə seçkilərinin nəticələri AKP-yə və Ərdoğana ciddi mesaj idi. Türkiyədə növbəti seçki 4 ildən sonra keçiriləcək. Ancaq bu müddətdə hakim partiya üçün çətin olacaq. Böyük şəhərləri itirən AKP reytinqinin yenidən yüksəlməsi üçün var gücü ilə çalışmalıdır. Türkiyə iqtisadiyyatındakı çalxalanmalar və infilyasiya seçicilərin hakim partiyadan qaçışını gücləndirə bilər. Ona görə də hakim partiya və Ərdoğan qarşısında dayanan əsas vəzifə iqtisadiyyatda və sosial problemlərin həllində ciddi dönüş yaratmaqdır. Əks halda, birləşən müxalifət gücünü artırmaqda davam edəcək. Türkiyədəki bələdiyyə seçkiləri Azərbaycanda diqqətlə müşahidə edildi. Birincisi, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Ona görə də Türkiyədə bələdiyyə seçkilərində hansı siyasi qrupların qələbə qazanması Azərbaycan üçün əhəmiyyətlidir. Çünki bir gün həmin güclər parlamentdə və prezident seçkilərində də uğur qazana bilərlər. İkincisi, Türkiyədəki mövcud bələdiyyə sisteminin və statusunun öyrənilməsinə və gələcəkdə Azərbaycanda tətbiqinə ehtiyac var. Azərbaycanda da bu il bələdiyyə seçkiləri keçiriləcək. Ancaq Türkiyədən fərqli olaraq Azərbaycandakı bələdiyyə seçkilərinə maraq azdır. Bu durumu dəyişmək və idarəetmədən kənar qalan müxtəlif siyasi qrupların bələdiyyə seçkilərində iştirakını təmin etmək Azərbaycan üçün də vacibdir”.
Toğrul İsmayıl: “Türkiyə bu seçki sınağından da uğurla çıxdı”
Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl müşahidələrini “Yeni Müsavat”la bölüşdü: “Türkiyədə seçici nə istədiyini açıq şəkildə bu cür ortaya qoyur. Bu seçkilər bir daha göstərdi ki, Türkiyədə gerçək mənada demokratiya işləyir və bundan hələ də vaz keçilməyib. İndiyə qədər deyilənlər boş şeydir. Seçkilərin nəticələrinə bir neçə faktordan baxmaq lazımdır. Bu seçkilər iqtidarda olan partiyanın və bu partiyanın MHP ilə yaratdığı koalisiyanın güvən məsələsi idi. Seçkilər iqtisadi böhran və bir sıra problemlərin olduğu vaxta təsadüf etdi. AKP uzun müddətdir iqtidardadır və bu amil şübhəsiz ki, seçkilərə təsir göstərməyə bilməzdi. Hakimiyyətdə olub hər zaman seçicinin səsini yüksək səviyyədə almaq asan məsələ deyil. Bu seçkidə ilk dəfə koalisiyaların yarışdığını gördük. ”Cümhur İttifaqı”nın gücünü qoruduğunu deyə bilərik. 52%-ə yaxın səs yığdı. Amma əvvəlki seçkilərdə olan siqnallar təsdiqləndi. AKP iqtidarının böyük şəhərləri itirməsi sürpriz olmadı. Daha əvvəlki seçkilərdə də meqapolislər haradasa iqtidara tərəf çıxmamışdılar. Böyük şəhərlərdəki problemlərlə İç Anadoludakı problemlər fərqlidir. Amma istənilən halda “Cümhur İttifaqı”nı təbrik etmək olar. Seçkilərin nəticələri əslində hər kəsi məmnun edən məsələdir. Böyük şəhərlərin itirilməsi ilə bağlı deyə bilərəm ki, bu şəhərlərdə “Millət İttifaqı”nın namizədləri daha düzgün seçimlər idilər. İstanbulda qalib gələn Əkrəm İmamoğlu yaşlı Binəli Yıldırımdan daha aktiv seçki kampaniyası apardı. Deyərdim ki, CHP yeni liderinin doğduğu ərəfədədir. Bu seçkilərdə əsas zərbəni HDP aldı və əvvəlki mövqelərini itirdi. Bizi ən çox üzən nəticə İğdırda yaşandı. Burada HDP qalib gəldi. Burada əslən azərbaycanlı olan İsa Yaşar Tezelin qələbəsini hər birimiz gözləyirdik. Amma feysbukumda da yazdığımı kimi hələ səbirli olmaq lazımdır. Rəsmi nəticələri gözləyək. Bir şeyi də deyim ki, Azərbaycanda oturub Türkiyədəki seçki mexanizmlərini bizə öyrədənlər var. Bura Türkiyədir, son nəticələrə qədər qəti fikir söyləmək çətindir. Bizim insanımız səbirli olmağı öyrənməlidir. Çünki seçkidə başabaş rəqabət yaşandı. Azərbaycanda mətbuat bir az o xətaya düşdü. İsa Yaşar Tezelin məğlubiyyətinə üzülürük, amma ümidimiz hələ də qalır. Hər an hər şey dəyişə bilər. Amma İğdırda nəticələrin dəyişməsi çox çətin görünür. Çünki aradakı fərq kifayət qədər böyükdür.
Ümumilikdə, Türkiyədə çox maraqlı seçkilərin baş tutduğunu demək olar. Mövcud iqtidarın gücünü Qərbdən Şərqə doğru yönəltdiyini nəticələrə əsasən deyə bilərik. Ərdoğanın seçkilərdən sonrakı çıxışı toplumu sakitləşdirdi. Müxalif namizədlərin çıxışları da hər kəsi ümidləndirdi. Türkiyə bu seçki sınağından da uğurla çıxdı”.

