Üçüncü dünya müharibəsinin qarşısını alan şəxs – Hər şey ölümündən sonra ortaya çıxıb – FOTOLAR
Son günlərdə Suriya torpaqlarında iki nəhəng dövlətin kəllə-kəlləyə gəlməsi bütün dünyanı təşvişə salıb.
3-cü dünya müharibəsinin başlayacağı haqda xəbərlər dünya mediasının gündəmini zəbt edib. Çoxları 3-cü dünya müharibəsinin ilk dəfə bu qədər yaxın olduğunu düşünsə də, gərçəkdə bu ilk deyil.
Hələ soyuq müharibə illərində SSRİ və ABŞ üz-üzə gəlmiş və müharibənin başlamasına çox az qalmış dayana bilmişdilər.
Tarixdə Kuba krizisi kimi tanınan hadisə zamanı bütün dünya nüvə müharibəsindən nə qədər qəribə səslənsə də bəlkə də bir nəfərin, sovet zabiti Vasili Arkipovun tək sözü sayəsində qurtula bilib.
İkinci dünya müharibəsindən qalib çıxmış iki nəhəng dövlət soyuq müharibə dövrü kimi tanınan 1960-cı illərdə biri-birilərinə qarşı düşmən münasibəti bəsləyirdi. İki dövlət də o zaman bütün diqqətini silahlanmaya, xüsusilə nüvə silahları sayının artırılmasına ayırırdı.
1961-cü ildə ABŞ-ın qonşusu Kubada sosialist hökuməti devirmək cəhdi baş tutmur. Qarşılığında Kuba hökuməti SSRİ-dən kömək istəyir. SSRİ isə Kubanın bu dəvətini məmnuniyyətlə qəbul edir. ABŞ-ın SSRİ-nin sərhədləri yaxınlığında, Türkiyə və İtaliyada yerləşdirdiyi nüvə roketlərinə cavab olaraq Sovet hökuməti Kubada öz nüvə başlıqlı raketlərini yerləşdirməyi qərara alır. Beləliklə hissələr halında silahlar Kubaya daşınılır.
1962-ci ildə ABŞ hökuməti təcili toplantı elan edir. Toplantı zamanı Kubaya hərbi müdaxilə fikri ortaya atılır. Lakin prezident Con Kennedi daha təmkinli hərəkət edir. Həmin il ABŞ Kuba ətrafını blokadaya alacağını və bura heç bir gəminin buraxılmayacağını elan edir.
Sovet hökuməti isə bu qərarı müharibə aktı kimi qəbul edir. SSRİ rəhbəri Nikita Xruşov prezident Kennediyə məktub yazır və məktubda “beynalxalq sularda hər hansı bir müdaxilə təcavüzkarlıqdır və bu müdaxilə bütün dünyanı nüvə müharibəsinə sürükləyəcək” sözləri qeyd edilir.
Beləliklə soyuq müharibənin ən qorxulu günləri başlamış oldu.
1962-ci ildə amerikan casus təyyarəsi vuruldu. Nüvə raketlərinin son hissələrini daşıyan gəmilər döyüş gəmiləri və sualtı gəmilərinin bələdçiliyi ilə yola çıxır.
Amerikanın su altı minalarından biri nüvə başlıqlı silahlarla təchiz olunmuş sovet sualtı gəmisinin yaxınlığında partlayır. Su altı gəmi çox dərində yerləşdiyindən gəminin kapitanı mərkəzdən xəbər tuta bilmir və müharibənin başladığını düşünür. Bundan sonra nüvə başlıqlı torpidoların döyüşə hazır edilməsini əmir edir. Ancaq atəş açılması üçün 3 yüksək zabitin qərarla razılaşması gərək idi. Zabitlərdən ikisi qərarla razılaşır yalnız Vasili Arkipov qərarla razılaşmır və bəlkə də 3-cü dünya müharibəsinin qarşısını alır.
Vaşinqtonda isə baş prokuror Robert Kennedi sovet səfiri Anatolu Dobrinlə gizli görüş keçirir. Uzun çəkən danışıqlardan sonra tərəflər arasında razılaşma əldə olunur. Razılaşmaya görə Amerika Kubanı heç bir zaman işğal etməyəcəyinə dair söz verməli, Türkiyə və İtaliya ərazilərində yerləşdirdiyi bütün nüvə silahlarını geri çəkməli SSRİ isə öz nüvə silahlarını Kubadan geri çəkməli idi.
Vasili Arkipov həddən artıq radiasiyaya məruz qalmasına görə xərçəng xəstəliyinə tutulur və 1998-ci ildə vəfat edir. Onun bu qəhrəmanlığı yalnız ölümündən sonra alqışlandı.
2002-ci ilə qədər bu hadisə haqda danışılmadı. SSRİ dağıldıqdan illər sonra keçmiş kapitan Vadim Pavloviç mətbuata müharibəni önləyənin Vasili Arkipov olduğunu açıqlayır.
Tamerlan Mehdi
Minval.İnfo



