“Ukrayna və Rusiya arasında müharibə ehtimalı böyükdür” – Politoloq
“Son hadisə fonunda Rusiya və Ukrayna arasında lokal xarakterli müharibənin baş verməsi ehtimalı böyükdür ”. Bunu BakuPost-a açıqlamasında Azov dənizində Ukrayna və Rusiya arasında yaşanan son olaya münasibət bildirən politoloq Qabil Hüseynli bildirib.
Q. Hüseynli iki dövlət arasında geniş miqyaslı müharibə ehtimalının çox zəif olduğunu vurğulayıb: “Məsələ burasındadır ki, Rusiyanı hiddətləndirən bir neçə hadisə baş verib. Bunlardan birincisi ötən həftə Ukrayna Ali Radasının NATO-ya daxil olmaq barədə qərar qəbul etməsidir. Üstəlik, ABŞ və NATO Ukrayna ordusunun peşəkarlığının artırılması, müasir silahların verilməsi barədə qərar qəbul edib. Bu da Rusiyanı qəzəbləndirir. Digər əsas səbəb isə Vladimir Putinin ölkəsində reytinqinin çox aşağı düşməsidir. O səbəbdən də bir neçə gün idi ki, Rusiya mətbuatında politoloqlar bildirirdilər ki, Putinə reytinqini qaldırmaq üçün kiçik bir müharibə də yetər. Rus xalqının təfəkküründə militarist düşüncə tərzi kök salıb ki, onlar rus ordusunun hər hansı dövlətə hücumunu eşidəndə fərəhlənirlər. Elə bil ki, bu məsələ onlar üçün bir milli qürur obyektinə çevrilir”.
Politoloq indiki şəraitdə Ukrayna xalqına qarşı aparılan təcavüzkar siyasətin, Azov dənizini tam nəzarətə keçirmək cəhdinin heç bir beynəlxalq hüquq normalarına sığmadığını vurğulayıb: “Zənnimcə, BMT Təhlükəsizlik Şurası təcili iclasını çağıracaq və Rusiyaya yönəlik bir sıra tənqidi fikirlər səslənəcək.
Üstəlik, ABŞ-ın əlinə çox yaxşı bəhanə düşüb ki, Rusiyaya qarşı sanksiyaların yeni dalğasını hazırlayıb həyata keçirsin. Bu sanksiyalara öldürücü sanksiyalar deyirlər və yəqin ki, belə sanksiyaları tətbiq edəcəklər. Bir sözlə, bütün bunların hamısı müharibə ətrafında böyük bir ajiotajın yaranmasına gətirib çıxaracaq. Güman edirəm ki, Rusiyanın bu özbaşınalığı, Azov dənizində Ukrayna gəmilərinə atəş açması, gəmilərin birini sıradan çıxarması izsiz ötüşməyəcək. Dünya bu məsələni böyük narahatlıq və hiddətlə izləyir. Bu məsələdə Rusiya heç nə qazanmayacaq, daha çox itirəcək”.
Qeyd edək ki, ötən gün Rusiya Federal Təhlükəsizlik Xidməti Ukraynanın “Berdyansk”, “Nikopol” və “Yanı Kapu” gəmilərinin Krım sahillərində saxlanıldığı barədə məlumat yayıb. Gəmilərin saxlanılması üçün silahdan istifadə edilib, 3 ukraynalı hərbçi yaralanıb. Ukrayna prezidenti Petro Poroşenko isə ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı sənədi Ali Radaya göndərib. Dövlət başçısı bunu hərbi təcavüz aktı adlandırıb və Ali Baş Komandan kimi deputatlardan ölkədə hərbi vəziyyətin tətbiq edilməsini dəstəkləmələrini xahiş edib. Ukrayna prezidenti qeyd edib ki, bu, əhalinin dərhal səfərbərliyini bildirmir, yalnız hərbi mükəlləfiyyətlilərin hazırlığına aiddir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

