Ukraynada dövlət böhranı dərinləşir
Prezident xarici işlər nazirinin cəzalandırılmasını tələb edib
Ukrayna prezidenti Vladimir Zelenski baş nazir Vladimir Qroysmandan xarici işlər naziri Pavel Klimkinin inzibati şəkildə məsuliyyətə cəlb olunmasını tələb edib.
Ukrayna mətbuatının verdiyi məlumata əsasən, bu, diplomatik idarənin başçısının prezidentlə razılaşdırmadan Rusiyanın 25 iyun notasına cavab göndərməsi ilə bağlıdır.
Üstəlik, Pavel Klimkin üzrxahlıq etmək əvəzinə, belə bir haqqa malik olduğunu hər kəsin önündə bəyan edib.
V. Zelenski beynəlxalq arenada Kiyevin üzləşdiyi son məğlubiyyətlərə görə şəxsən Pavel Klimkinin məsuliyyət daşıdığını bildirib.
“Sizdən nazirlə bağlı inzibati prosesin başlanmasını xahiş edir və bunun nəticələri barədə mənə məlumat verilməsini zəruri sayıram”,-deyə bəyanatda bildirilir.
Məsələ o qədər böyüyüb ki, prezident Ukraynadakı islahatların dəstəklənməsi ilə bağlı Kanadada keçirilən beynəlxalq foruma gedəcək dövlət rəsmilərinin siyahısına xarici işlər nazirinin adını daxil etməyib.
Torontoda baş tutacaq sayca 3-cü sayılan konfransda prezidentdən başqa baş nazirin müavini Stepan Kubivin iştirakı gözlənilir.
Pavel Klimkin isə bütün bu olanlardan sonra “məcburi məzuniyyətə” getdiyini açıqlayıb.
Onun sözlərinə görə, Ukraynanın Rusiyanın tələsinə düşməsinə imkan vermək olmaz.
Xarici işlər nazirinin fikrincə, ölkədaxili diskussiyalar Kiyevi gücləndirməli, Moskvanı isə zəiflətməlidir.
“Elə bu səbəbdən mən siyasi məzuniyyət götürmək qərarına gəldim”,-deyə Klimkin gedişini izah edib.(musavat.com)

