Ukraynanın hücumları fonunda Rusiya çətin dilemma ilə üzləşib – Britaniya kəşfiyyatı
Ukraynanın cənuba hücumu fonunda rus komandirləri dilemma ilə üzləşiblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
Britaniya kəşfiyyatının xəbərinə görə, indi ruslar ya Donbasdakı hücumlarına davam etməli, ya da cənubda (Xerson) Ukrayna qüvvələrinə qarşı müdafiə etmək üçün operativ ehtiyatlar cəlb etməlidir.
“Son 24 saat ərzində üç cəbhədə ağır döyüşlər gedir: şimalda Xarkov yaxınlığında, şərqdə Donbassda və cənubda Xerson bölgəsində… Rusiyanın əsas planı ehtimal ki, Donbassda Baxmuta doğru irəliləməklə bağlıdır. Lakin komandirlər indi dilemma ilə üzləşiblər: ya bu hücumu dəstəkləmək üçün ehtiyatları artırmalı, ya da cənubda Ukrayna hücumundan müdafiə olunmalıdırlar.
Britaniya kəşfiyyatının hesablamalarına görə, 500 km-dən çox məsafəyə səpələnmiş çoxsaylı əməliyyat qrupları və onlara yönəlik təhdidlər Rusiyanın hərbi qabliyyətinin hansı səviyyədə olduğunu göstərəcək.
Qeyd edək ki, ABŞ Müdafiə nazirliyinin sözçüsü briqada generalı Pet Rayder çərşənbə axşamı Ukrayna qüvvələrinin Xerson yaxınlığındakı bir neçə kəndə nəzarəti bərpa etdiyini təsdiqləyib.
Musavat.com

