Vətəndaşlıqdan imtinaya görə rüsumun məbləği etiraz doğurdu – 400 dollar
Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılır.
Bununla bağlı dəyişiklik bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb. Dəyişikliyə əsasən, ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumu 55 dollardan 25 dollara endirilir. Qayıdış şəhadətnaməsinin verilməsinə görə isə 10 dollar rüsum müəyyən edilir. Qanunun hazırkı variantına əsasən, bunun üçün 40 dollar ödəmək lazımdır. Vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə rüsumun 150 dollardan 60 dollara endirilməsi təklif olunub. Nikahın qeydə alınması üçün rüsumun 40 dollardan 10 dollara, adın, soyadın, ata adının dəyişdirilməsi üçün dövlət rüsumunun dərəcələrinin 50 dollardan 20 dollara salınması göstərilir.
Deputat Qüdrət Həsənquliyev söz alaraq bildirdi ki, Azərbaycan vətəndaşlığının verilməsinə görə, əvvəllər 150 dollar rüsum tutulurdusa, dəyişikliklərdən sonra məbləğ 60 dollara endiriləcək: “Amma vətəndaşlıqdan xitam verilməsinə görə 400 dollar rüsum tələb olunur. Adamın ağlına yalnız bir variant gəlir. Yəni belə çıxır ki, bu, ölkədən çıxıb gedir, ondan daha çox pul alaq. Bir vəsatəti təqdim etdiyinə görə konsulluğa bu qədər rüsum ödənilməsi nə dərəcədə düzgündür? Bu qədər rüsum ödəyib Azərbaycandan gedən şəxs inanmıram ki, bizim ölkə haqqında müsbət bir şey düşünə bilər. Vətəndaşlığın təsdiqinə görə 60 dollar alırıqsa, heç olmasa, gedişinə görə də 60 dollar alaq”.
Deputat Rasim Musabəyov da dedi ki, rüsumlarda məntiqsizlik var.
Komitə sədri Tahir Mirkişili dedi ki, bu, ilk oxunuşdur, ikinci oxunuşa qədər çalışacağam ki, bu məsələlərə cavab verim.
Komitə sədri Səməd Seyidov bildirdi ki, onun rəhbərlik etdiyi komitə də bu məsələyə baxa bilər.

