Valideynlərin girov götürdüyü bağça müdirəsinə hökm oxunub – Bir nəfər həbs edilib
Bağça müdiri və müdirin müavini növbəti dəfə hakim qarşısına çıxarılıb. Təqsirləndirilənlərdən üçüncü şəxs isə bağçanın işçisidir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən Aləmzar Əliyeva 9 il, Tərlan Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Ev dustaqlığında olan Azər Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, hazırlıq iclasında bağça direktoru, ev dustaqlığında olan Tərlan Bağırova barəsində həbs-qətimkan tədbiri seçilmiş və o, məhkəmə zalında qabdallanmışdı. Məhkəmə prosesində məlum olmuşdu ki, T.Bağırova pulları ödəmədiyi üçün valideynlərdən biri tərəfindən evində girov saxlanılıbmış.
Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, T.Bağırova və müdir müavini A.Əliyeva onlardan “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına işə qəbul ediləcəklərinə dair söz verərək pul alıb. T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxtda həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.
Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib. Cinayət işində 19 zərərçəkmiş var. Həbs edilən Aləmzar Əliyeva həbs edilməkdən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində işləyib.

