Venesiyaya girənlərdən 3-10 avro “ayaqbasdı pulu” alınacaq
İtaliyanın ən turistik şəhərlərindən olan Venesiyanın bələdiyyə sədri gələn may ayından etibarən şəhərə girənlərdən “ayaqbasdı pulu” alınacağını açıqlayıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin turizm naziri isə “Turist qovan bir ölkə olmaq istəyirik?” deyərək layihəyə qarşı çıxıb.
Venesiya bələdiyyə sədri Luigi Brugnaro bu həftə içində verdiyi açıqlamada 1 maydan etibarən şəhərə girişlər üçün gündəlik 3 avro məbləğ alınacağını bildirib. Brugnaro gələn ildən etibarən isə bu məbləğin 10 avroya qədər artacağını deyib.
Venesiya bələdiyyəsinin alt qurumunda bu həftə içində təsdiqlənən layihənin üst qurumda da təsdiqləndikdən sonra tətbiq olunmağa başlanması gözlənilir. Giriş məbləğinin tətbiq olunmasına Venesiyanın tarixi şəhər mərkəzi və ətrafındakı adalar da daxil ediləcək. Venesiyada yaşayanlar, təhsil alanlar və bu bölgələrdəki otellərdə qalanlardan isə bu məbləğ alınmayacaq.
Hələliksə, Venesiya da daxil olmaq üzrə İtaliyanın bir çox şəhərində otellərdə qalanlardan “turist vergisi” alınır. Yeni tətbiq ediləcək qaydaya əsasən, şəhərdə qalmayan, ancaq bir günlük giriş edənlərdən həmin məbləğ alınacaq.

