Xəsisliyindən paltarını yumayan, yemək yeməyən, oğlunu ayaqsız qoyan milyarderin qeyri-adi ölümü – FOTOLAR
Varlı insanların xəsisliklərinə çox şahid oluruq. Məsələn, Amerika Birləşmiş Ştatlarında hər dörd milyonerdən biri ayaqqabını 100 dollardan ucuza almağa adət edib.
Kostyumlara gəldikdə isə hər 10 var-dövlət sahibindən sadəcə 4-ü özünə 200 dollardan baha geyim alır. Bunlar varlıların seçdiyi sadə həyat tərzindən xəbər verir, indi barəsində bəhs edəcəyimiz milyarder qadının xəsisliyi isə hələ heç vaxt şahid olmadığınız qəbildəndir.
Minval.info dövrünün ən varlısı və “Ginnesin rekordlar kitabı”na dünyanın ən xəsis qadını kimi düşən Qenrietta (Qetti) Qrin haqqında maraqlı faktları diqqətinizə çatdırır.
1835-ci ildə Amerikada dünyaya gələn Qetti, hələ kiçik yaşlarından limanda öz gəmilərinə və ticarət anbarlarına baş çəkən babasının yanında olur. Onun uşaq qəlbi təkcə dənizin romantik ahəngini və yelkənlərin incə xışıltısını yox, həm də, yük daşıyanların ağır söyüşlərini, matrosların çirkin zarafatlarını, takelaj fabrikinin işçilərinin ağır leksikasını da eşitməli olur və bu onun yaddaşında həmişəlik həkk olunur. Kim bilir, bəlkə də milyoner olduğu zaman hər kəsi özündən aşağı görüb, təhqiramiz ifadələr istifadə etməsinin əsası Bedford tərsanəsində qoyulub.

Qoca babası Qideonun gözləri zəifləyəndə, yeddi yaşlı Qetti onun dizləri üstünə çıxır, xüsusi bir həvəslə babası üçün qəzetlərdə verilmiş maliyyə xəbərlərini oxuyur, səhmlər və istiqrazlar arasındakı fərqdən, həmçinin bazar qiymələrinin tərəddüdündən kifayət qədər yaxşı baş çıxarır.
Qetti babasının bütün varidatını ona miras qoyacağına inanırdı. Babası hər iki qızına, kürəkəninə və hətta adları Qettiyə yaxşı tanış olmayan qohumlara da miras payı qoyur, onun adı isə vəsiyyətdə heç çəkilmir.
Qetti bu maliyyə uğursuzluğu üstündə həmin gecə çox göz yaşı tökür. Amma bu onun son göz yaşları olur, bundan sonra heç vaxt maliyyə uğursuzluğu yaşamayacağına dair özünə söz verir.
Qetti mirasa necə sahib olur?
Atasının 31 yaşında vəfatından sonra Qettiyə 7.5 milyon dollar miras qalır, “balina ovu” biznesi isə qardaşlarına keçir. Qetti heç kimlə məsləhətləşmədən pulları hərbi istiqrazlara yatırır. Qardaşlar hiddətlənir və şübhə etməyə başlayırlar ki, görəsən doğrudanmı, atası vəsaitləri bu formada istifadə etməyi vəsiyyət edib. İnadçı bacı qardaşlarının bir neçə gəmisini yandırır və bəyan edir ki, onun işinə qarışanları sadəcə olaraq, öldürəcək. Daha sonra isə ölüm yatağında olan bibisinə saxta sənədlərə imza atdıraraq onun da var-dövlətini ələ keçirir.

“Wall Street”in İfritəsi
Balzakın Qobseki, Dostoyevskinin sələmçi qarıları belə Qettinin əlinə su tökə bilməzdi. O, sələmçiliklə öz sərvətini 2 misli artırır, 1 sentini belə borclularında qoymur. Onu Nyu-York fond birjasının (“Wall Street”) ifritəsi də adlandırırlar, çünki bütün ən iri müqavilələr onun əli ilə həyata keçirilirdi. Üstəlik, XX əsrin əvvəllərində Nyu-Yorkda elə bir şirkət tapılmazdı ki, Qrindən borc pul almasın. İş o yerə çatır ki, böhran zamanı meqapolis hökuməti maliyyə dəstəyi üçün “Nyu-Yorkun Sahibəsi”nə müraciət edir.
“O, geyimlərinin sadəcə yerlə sürünən hissələrini, yəni paltarlarının ətəyini yuyur, beləcə yuyucu toza da qənaət edir”
Milyardların sahibi olan qadının evində istilik sistemləri, soba və sair lazımlı məişət əşyaları belə olmur, onun fikrincə, bunlar əlavə xərcdir. Onun gündəlik qida rasionunu isə 50 sentlik peçenyelər təşkil edir. Milyarderin qarderobunda yalnız 3-4 paltar olur və o, geyimlərinin sadəcə yerlə sürünən hissələrini, yəni paltarlarının ətəyini yuyur, beləcə yuyucu toza da qənaət edir. Elə bu dövrdə, “Ginnesin rekordlar kitab”na dünyanın ən xəsis insanı kimi düşür, bu haqda yazının getdiyi qəzeti belə səhər oxuyub, günorta köşkə yenidən satır.
Övladlarının bədbəxtliyi

Milyarderin bioqrafiyasını yazan Slak deyir ki, bu xəsisliyi ailəsinin də bədbəxtliyinə səbəb olub. 11 yaşlı oğlu dağda xizək sürərkən yıxılıb ayağını qırır, müalicə üçün pul ödəmək istəməyən ana övladını kimsəsizlər üçün müalicə mərkəzinə aparır. Mərkəzdə edilən səhv müalicənin nəticəsində oğlu ayağını itirir.
Qettinin öz ölümü də xəsisliyinin ucbatından olur: bazarda südün qiymətinin baha olduğunu deyərək satıcı ilə dalaşmağa başlayan qadın ürək tutmasından dünyasını dəyişir. Onun bir ömür böyük ehtirasla topladığı iki milyard dollarlıq sərvətini isə, pul xərcləmək və idarə etmək təcrübəsi olmayan oğlu göyə sovurur.
Dəniz Kərimzadə
Minval.İnfo

