Xəzərdə köməksiz qalan 3 nəfər xilas edilib (FOTO)

Xəzərdə qayıqda köməksiz qalan 3 nəfər xilas edilib.
Dövlət Sərhəd Xidmətindən Minval.info-ya verilən məlumata görə, sentyabr ayının 25-də saat 05:25 radələrində Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Zirə istiqamətindən dənizə çıxmış və sahildən 10 km məsafədə köməksiz vəziyyətdə qalmış qayığın 3 nəfər heyətinin xilas edilməsi üçün müraciət edildiyi barədə məlumat daxil olmuşdur.
Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən “Şah Dili” burnu istiqamətində sahildən təxminən 7 km məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkarlanmışdır.
Üzmə vasitəsinin heyəti gəminin göyərtəsinə təxliyyə olunaraq ilkin tibbi yardım göstərilmiş, qayıq isə yedəyə alınaraq sahilə çıxarılmışdır. Xilas edilmiş şəxslərin Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Zeynalov Elnur Sürəddin oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmov Rəşid Fikrət oğlu və 1992-ci il təvəllüdlü Fətullayev Rüfət Rauf oğlu olmaları müəyyənləşdirilmişdir.







