Xanım sərnişinlərə sataşan sürücülər, dava, ölüm… – Məsələni necə həll etməli?

Son zamanlar da sürücülər və müştərilər arasında olan münasibətlər problemlərə səbəb olur. Daxil olan şikayətlərə əsasən sifariş ilə gələn taksilərin daha sonra xanım sürücüləri narahat etdikləri bildirilir.
Belə ki, gələn şikayətlər əsasən taksi sürücülərinin xanım müştəriləri ünvanlarına çatdırdıqdan sonra onların şəxsi nömrələrinə yazaraq narahat etməsidir. Bu isə həm xanım müştərilərin narahatlığına, həm də davalara səbəb olur. Yəni xanım müştərilərin yaxınları ya sürücüləri hədələyir, ya da onları döyürlər.
Belə problemlər necə həll edilməlidir? Sərnişinin hansı hüquqları var? Sürücü hansı məsuliyyətə cəlb olunur? Taksi sürücüləri bu haqqda nə düşünür? Minval.info bu haqqda araşdırma edib.
Sosial şəbəkələrdə bu barədə yazılanlardan biri: “Bu gün taksi sifariş verdim, Bolt-dan istifadə etmişdim. Məni düşürtdükdən 1-2 dəqiqə sonra mənə “WhatsApp” vasitəsiylə yazdı. Tərbiyəsizlikdir… Zəhmət olmasa işə götürülən işçilərə arada tərbiyə keçin”.
Digər bir xanım isə taksi sürücüsündən fərqli səbəbdən şikayət edib. Şikayətçinin sözlərinə görə, yanında övladı olduğu üçün sürücü xidmət göstərməkdən imtina edib: “Məktəbdən uşaqları götürüb evə aparmaq istəyirdim. Hava yağışlı olduğu üçün taksidən istifadə etmək qərarına gəldim. Tətbiq vasitəsilə BOLT-dan istifadə etdim və taksi sifariş etdim. 99UJ740 dövlət nişanlı “Chevrolet Cruze” avtomobili idarə edən İlqar adlı sürücü 5 dəqiqəyə yaxınlaşmalı idi. Vaxt keçdikdən sonra yanımıza həmin taksi yaxınlaşdı və dayanmadan yolunu davam etdi. Tıxac olduğu üçün uzağa gedə bilmədi. Ona çataraq sürücüyə işarə etdim ki, dayansın. Sürücü pəncərəni aşağı saldı və mən ona bildiridim ki, müştərisi mənəm. Aldığım cavabdan şoka düşdüm: “Mən uşaqları avtomobilimə mindirmirəm”. Düşünürəm ki, belə bir hal varsa, bu mənə, yəni müştəriyə, əvvəlcədən bildirilməli idi. Xahiş edirəm ki, o sürücü barədə ciddi ölçü götürülsün, onunla əməkdaşlıq edilməsin və heç bir taksi şirkəti onunla işləməsin”.
Qeyd edək ki, sözügedən şirkətlə dəfələrlə əlaqə saxlamağa cəhd edilib, lakin buna nail ola bilməyiblər.
Məsələni araşdırmaq üçün “BOLT” şirkətinin ölkə üzrə meneceri Naim Əzizovla əlaqə saxladıq. N.Əzizovun sözlərinə görə, “İlkin olaraq tələblərimiz mütləq sənədlərin qaydasında olması, sürücülük təcrübəsi və yaş həddidir. Bundan əlavə sürücülər platformamızda qeydiyyatdan keçmək üçün xüsusi testlərdən keçir. Tələb etdiyimiz vacib amillərdən biri məhz elə nəzakətli davranış və etiket normalarıdır. Təlim mərhələsində olan sürücülərdən yol hərəkəti qaydalarına əməl etmək və müştərilərlə davranış qaydalarına xüsusi nəzər yetirmək tələb olunur.
Hər sahədə olduğu kimi bizim sahədə də bəzən xoşagəlməz hallara rast gəlinir. Bu zaman bizim təcrübəli dəstək bölməsi əməkdaşlarımız qaydalara uyğun olaraq lazımi tədbirləri görür. Qadın sərnişinlərlə xoş davranmayan və onları narahat edən sürücülər elə ilk şikayət zamanı platformamızdan kənarlaşdırılır, əməkdaşlığa son qoyulur”.
Məsələ ilə bağlı taksi sürücülərinində fikirlərini öyrəndik.
Ələsgər Əhmədov deyir ki, “Sürücülük bizim işimizdir. Maşına minən hər kəs bizim müştərimizdir. Taksi çörək yerimizdir. Camaatı narahat etmək olmaz“.
25 ildir taksi fəaliyyəti ilə məşğul olan Namiq Cəfərov isə dedi ki, “Heç vaxt heç kəsə pis gözlə baxmamışam. Hərə bir evdən gəlir. Hərə bir evin qızıdır. Hətta elə olub ki, ödəniş etməyə pulları olmayıb, demişəm halal xoşun olsun qızım”.
Habil Məmmədov adı digər sürücü isə sürücüləri sərnişinlərlə davranış qaydalarına riayət etməyə çağırdı: “Ümumiyyətlə nəyin ki, qadınlara, heç kimə qarşı belə hərəkət etmək olmaz. Bizim vəzifəmiz insanları narahat etmək deyil. Əksinə, onların rahat olmasıdır. İnsanlar taksiyə minir ki, rahat getsinlər, minmirlər ki, narahat olsunlar”.
Bu məsələ ilə bağlı Sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrəndik: “Mən düşünürəm ki, necə ki ictimai yerlərdə davranış qaydaları var, eləcə də sosial şəbəkələrdə də davranış qaydaları haqqda bizim aydın təsəvvürümüz olmalıdır. Kim kimi harda gəldi, necə gəldi narahat etmək ixtiyarı yoxdur. Belə sürücülər isə öz rəhbərlikləri tərəfindən cəzalandırılmalıdır.
Əsas odur ki, insanların ictimai yerlərdə olduğu kimi elektron vasitələrdə də qaydalara əməl etsinlər. İnsanlar belə mövzularda tərbiyələndirilməlidir. Yoxsa elə bilirlər ki, kefi nə istəsə edə bilərlər. Belə hallar üçün cəzalar sistemi düşünülməlidir”.
Məsələni hüquqi tərəfdən araşdırmaq üçün Orxan Dadaşovla əlaqə saxladıq. Orxan bəyin sözlərinə görə, “Əgər təhtid edilmək kimi hal varsa, bu zaman iş polislikdir. Çünki burada bir şəxsin həyatı təhlükədədir. Digər hallarda isə sürücü haqqda şirkətə məlumat verilməlidir. Şirkət sürücünü işdən uzaqlaşdırmalıdır”.
NƏRMİNƏ AYDINQIZI
MİNVAL.İNFO

