Xarici ölkələrə turist səfərləri nə zaman bərpa ediləcək – açıqlama
“Hələlik tur paketlərinin satışı ilə bağlı məsələ gündəmdə deyil”
Artıq 5 aydan çoxdur ki, ölkədə koronavirus səbəbindən sərhədlər bağlıdır. Hazırda da yay mövsümünün ən qızmar günləri yaşansa da, pandemiya hələ də davam etdiyi üçün insanlar istirahət planları qura, xarici ölkələrə səfər edə bilmirlər.
Doğrudur, bir aya yaxındır ki, bir sıra Avropa ölkələri turistlər üçün öz sərhədlərini açdığını elan ediblər. Lakin Azərbaycanda sərt karantin rejimi davam etdiyi üçün sərhədlər hələlik bağlıdır. Mütəxəssislər bildirir ki, beynəlxalq uçuşlarla bağlı hər hansı qərarın verilməsi ölkəmizdəki yoluxma sayının dinamikasından asılıdır.
Bununla belə məlum olduğu kimi Azərbaycan Hava Yolları (AZAL) Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təcili səfər etmək məcburiyyətində olan vətəndaşlar üçün xüsusi reyslər təklif edir. Hazırda Azərbaycandan 4 ölkə paytaxtına həftədə 1 və 4 dəfə olmaq şərti ilə müəyyən reyslər nəzərdə tutulub. Bu şəhərlər İstanbul, London, Berlin və son olaraq da qarşılıqlı marketinq razılaşmasına əsasən Minskdir.
Artıq bu reyslərdən yaralanan məşhurlara da rast gəlinir. Onların arasında xalq artisti Miri Yusifi qeyd etmək olar.
Onu da əlavə edək ki, pandemiya səbəbindən Azərbaycandan yerinə yetirilən reyslərin sərnişinlərindən TƏBİB tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda icbari qaydada testdən keçmək tələb olunur. Həmçinin digər ölkələrdən Azərbaycana uçuş zamanı koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmək lazımdır. Əks təqdirdə sərnişinlər uçuşa buraxılmır. Koronavirus testinin keçirilməsini təsdiq edən arayış reysin uçuşundan ən gec 48 saat əvvəl alınmalıdır.
orxan bedelov.JPG (32 KB)
Orxan Bədəlov
Bəs xarici ölkələrə tur paketləri nə zaman bərpa olunacaq?
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Artıq turizm şirkətlərinə məlumat verilib ki, Türk Hava Yolları şirkəti avqust ayının 1-dən Bakı-İstanbul-Bakı reyslərinə sərbəst şəkildə bilet satışının həyata keçirilməsinə icazə verib. Beləliklə, turizm şirkətləri əvvəlki qaydada öz müştərilərinə bu istiqamətə olan aviabiletlərin satışını həyata keçirmə imkanı əldə edib”.
Ancaq Orxan Bədəlov qeyd edib ki, hələlik tur paketlərinin satışı ilə bağlı məsələ gündəmdə deyil:
“Məlum olduğu kimi, ölkədə karantin rejimi tətbiq edilib, sərhədlər bağlanılıb. Beləliklə də sərhədlərin nə zaman açılacağı barədə hələlik məlumat olmadığı üçün tur paketləri ilə bağlı məsələ də gündəmdə deyil.
O ki qaldı əvvəl alınan tur paketləri məsələsinə, bununla bağlı ATAA-nın bir neçə dəfə müraciət olub. Hazırda bu istiqamətdə mövcud problemlər var və bu problemlərin həlli üçün müzakirələr aparılır. Bir neçə dəfə Azərbaycan Hava Yolları şirkəti ilə mövcud vəziyyət, turizm agentliklərinin bilet sata bilmədiyi üçün üzləşdiyi problemlərlə ilə bağlı görüş keçirilib. Eyni zamanda da tur paketləri ilə bağlı bildirilib ki, karantindən sonra turizm şirkətlərinin, hansı ki, beynəlxalq partnyorlarla əməkdaşlıq edirlər, onların problemlərinin həll istiqamətində işlər aparılacaq”.

