Xocalı sakini: “Ermənilər 25 yaşlı qardaşımın başını kəsiblər”
1992-ci il fevralın 25-dən 26-na gecə Xocalıda ermənilər törətdikləri qırğınları xatırlamaq mənim üçün çox çətin və ağırdır.
İyirmi yeddi il keçməsinə baxmayaraq, hələ də bu hadisələri ürəkağrısı ilə xatırlayıram. Həmin gecə ermənilər mənfur niyyətlərini həyata keçirdilər və xocalılara misli görünməmiş divan tutdular. Mən onların dinc və günahsız insanları necə vəhşicəsinə qətlə yetirdiklərini öz gözlərimlə gördüm. Xocalı polis şöbəsinin əməkdaşı olan 25 yaşlı qardaşımı əsir goturən erməni silahlıları ona ağır işgəncələr verib qollarını qırdıqdan sonra başını kəsiblər. Bu gün qardaşımın ailəsində üzünü görə bilmədiyi övladı böyüyür.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ana harayı” abidəsini ziyarət edən Xocalı şəhər sakini Fatma İsmayılova söyləyib. O şahidi olduğu həmin dəhşətli gecədə yaşadıqlarını hələ də unuda bilmədiyini, Xocalı hadisələrində digər doğmalarını da itirdiyini deyib.
F.İsmayılova Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı cinayət olduğunu və yaddaşlardan heç vaxt silinməyəcəyini söyləyib. O, Xocalı qətliamının təqsirkarlarının hələ də haqlı cəzalarını almadıqlarını bildirib.

