Yaşar Nurinin xanımı: “Bu gecə mənim üçün bayramdır”

“Bu gecə mənim üçün bayramdır”.
Minval.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, mərhum Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib. Onun sözlərinə görə, bu gün Akademik Milli Dram Teatrında Yaşar Nurinin 70 illik yubiley mərasimı keçililəcək:
“Çox sevincliyəm, həyacanlanıram. Bilmirəm, bütün hisslərim qarışıb, gecə necə olacaq, kimlər iştirak edəcək… Bu gün Yaşar Nurinin yubileyidir, elə bilirəm, özü də orda olacaq. Tədbir dövlət səviyyəsində keçiriləcək. Pandemiyadan sonra ilk tədbirdir, bunun özü də sevincdiricidir. Yaşar heç vaxt gündəmdən düşmür, amma onu ad, anım və teatr günündə yada salsalar, daha da sevinərəm”.
Rəhimə Nuriyeva mərasimin necə təşkil olunması, repertuarı haqqında məlumatsız olduğunu vurğulayıb:
“Gecə haqqında heç nə deyə bilmərəm, əvvəldən nəyisə deyəndə maraqsız olur, qoy Yaşarsevərlər intizarda qalsın”.
Qeyd edək ki, Xalq artisti Yaşar Nuri 1951-ci il sentyabrın 3-də anadan olub və 2012-ci il noyabrın 22-də dünyasını dəyişib.
Yaşasaydı, aktyorun 70 yaşı olacaqdı.
XƏBƏR LENTİ
2025/11/19 14:22

