“Yataq otağını, bədənini çəkib göstərir, amma…”- Onları tənqid edənlərə cavab verdilər
Karantin günlərində ehtiyacı olan insanlara yardım etmə prosesində şou əhli də aktiv iştirak edir. Onlar gün ərzində qapı-qapı gəzərək, onlarla ailəni sevindirir. Bu anları isə hər xırda detalına kimi sosial şəbəkədə paylaşırlar. Bu hal isə birmənalı qarşılanmır və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunur. Onlar yardıma möhtac insanların, xüsusilə uşaqların üzlərinin göstərilməsini qınayırlar. Bildirilir ki, insanların üzünü göstərmək onları utandırmaqdır.
Bəs, kasıblara yardım edən tanınmışlar bu proses haqda nə deyirlər? Onların tənqidlərə münasibəti necədir?
Musavat.com mövzu ilə bağlı yardım kampaniyası aparan tanınmışların fikrini öyrənib.
Müğənni Afət Fərmanqızı deyib ki, əvvəllər etdiyi yardımları çəkib göstərməsə də, hazırda insanları məlumatlandırmaq üçün bu addımı atır:
“İlk günlər naşılıq etdim, etdiyim yardımları çəkib, göstərmədim. Mən köhnədən elə görmüşəm ki, insan etdiyi yardımları göstərməz. Amma sonra gördüm ki, insanlar elə bilirlər ki, yardım etmirəm. İkinci etapda isə etdiyim yardımları çəkib göstərdim. İndi isə üçüncü dəfə insanlara yardım etməyə hazırlaşıram. Üç yardımın üçü də mənim şəxsi hesabıma başa gəlib. Amma növbəti 200 ailəyə yardımı başqa adam mənə etibar edib Etdiyimiz yardımları göstərməyin tərəfindəyəm. Çünki yardım etməyənlər yalandan yardım etdiyini deyirlər. Başqa vaxt toyda 360 dərəcə fırlanıb, bütün əzalarını çəkib reklam edə bilirlər, amma bir ailəyə yardım edə bilmirlər? Təki bütün reklamlar insanlar üçün faydalı olsun.
Nəsiminin qəzəlini mahnıya çevirəndə məni qınayırdılar ki, Nəsimi milli-mənəvi dəyərimizdir. İndi mən o mahnı ilə qazandığımdan Nəsiminin mənsum olduğu xalqa yardım edirəm. Çıxsınlar, xalqdan qazandıqlarından xalqa kömək etsinlər. Yardım istəyənlərə yalandan deyirlər ki, limitimiz dolub. Onlar arasında əməkdar artistlər də, xalq artistləri də var. Sən nə vaxt yardım etdin ki, limitin doldu? Hamamda sabunu çəkib, “evdə qal” deyirsən, yataq otağını, hər yerini, bədənini çəkib göstərirsən. Amma yardım etmirsən. Ya da yalandan deyirsən ki, edirəm, amma lentə almıram. Yardım et, çək göstər. Varını verən utanmaz. Bu gün bir makaron vermək də yardımdır. Maddi imkanı olub, yardım etməyənlər utansın”.
Rəqqasə Fatimə isə qeyd edib ki, o koronairus olmayan zamanlarda da insanlara yardım edib:
“Biz tanınmışlar nə etsək də, qınanırıq, tənqid olunuruq. Yardım edib, göstərmirsən, yardım etmədiyini iddia edib, qınayırlar. Etdiyin yardımları göstərirsən, səni özünü reklam etməkdə qınayırlar. Əsassız yerə bizi tənqid edən insanlardan inciyirəm, ruhdan tez düşürəm. Koronavirusdan əvvəl də ehtiyacı olanların qarnını doyurmuşam. Yardım edən bütün sənətçiləri alqışlayıram. Xüsusilə Kamil Zeynallıya təşəkkür edirəm, o hamımıza ruh verdi. Kamil kimi qardaşlarımıza təşəkkür edirəm. Bir-iki gün öz gücümə etdim. Üç gündür ki, dostlarımın yardımı ilə ailələri sevindirirəm, yardımlarımız davam edəcək. Mən də başqaları kimi evimdə oturub bu işi köməkçilərimə tapşıra bilərdim. Amma ürəyim qəbul etmədim”.
İdmançı Kamil Zeynallı bildirib ki, o etdiyi yardımları bölüşməsəydi, daha çox insana ərzaq çatdıra bilməzdi:
“Heç bir ölkədə hər şey tam deyil, daxmada yaşayan da var, kasıbı da var. Mən dostlarım vasitəsilə dövlətimə dəstək oluram. Düzdür, imkanlı vicdansız insanlar da var. Amma imkanlı vicdanlı, qeyrətli insanlar çoxdur. Onlar insanların acınacaqlı vəziyyətdə yaşamasına dözə bilmirlər.
Bu reklam deyil, mənim reklama ehtiyacım yoxdur. Əvvəllər mən də düşünürdüm ki, sağ əlin verdiyini, sol əl bilməməlidir. Amma indi sağ əlin verdiyini sol əl göstərməsəydi, bu qədər yardım edilə bilməzdi, bu gün sayəmizdə minlərlə ailə doyur. Göstərdiyim videolar insanlarda vicdan yaradıb”.




