“Yaxşı ölkə”lərin reytinqi açıqlandı: Azərbaycanın da yeri bilindi
“Yaxşı ölkə”lərin növbəti reytinqi açıqlanıb. Rəsmi “The Good Country İndex” adlanan hesabat cədvəlində birinci yeri Finlandiya tutur. Bir il əvvəl dördüncü olan Skandinaviya ölkəsi bir çox islahatlarla, yenilikçi addımlarla liderliyi ələ keçirib.
Bizimyol.info xəbər verir ki, “Yaxşı ölkə”lərin siyahısı 30 kateqoriya üzrə göstəricilər nəzərə alınmaqla tərtib olunur. Amma ən vacib göstərici ölkənin dünyaya nə qədər fayda vermək istəyidir. Bu mənada Finlandiya xeyli fərqlənir. Suriyalı qaçqınlara münasibət burada xeyli yaxşıdır. Finlər xüsusilə insan haqları, ətraf mühitin qorunması, elmi materialların kütləviliyi, elmi naliyyətlərlə bağlı patent sayı, azad toplaşma, mətbuat azadlığı, kibertəhlükəsizlik, azad ticarət kateqoriyalarında liderlərdəndir.
Finlandiyanın xarici işlər naziri Timo Soyni məmnunluğunu gizlətməyib və bunu məqsədyönlü işin nəticəsi adlandırıb: “Daha yeni üfüqlərə can atmaq lazımdır”.
Azərbaycan siyahıda 108-ci yerdə görünür. Bizim ölkənin xüsusilə elm və texnologiya, səhiyyə kateqoriyalarında göstəriciləri normal sayıla bilər. Əvəzində mədəniyyət kateqoriyasında xeyli zəif nəticə göstərmişik.
Ümumilikdə siyahıya 153 ölkənin adı daxil edilib. Finlandiyadan başqa İrlandiya, İsveç, Almaniya, Danimarka, İsveçrə, Norveç, Fransa, İspaniya və Kanada da ilk onluqda yer alıb. Yəmən, Liviya və İraq cədvəlin sonlarındadır.


