“Yeni futbolçuların gələcəyi gözlənilir” – Əməkdaşımız “Keşlə”nin məşqində
“Keşlə” növbəti mövsüm üçün təlim-məşq toplanışına start verib.
Minval.info-nun verdiyi məlumata görə, təcrübəli mütəxəssis Tərlan Əhmədovun komandası “Dalğa arenada” bir araya gəlib.
Əməkdaşımız komandanın aparıcı üzvlərindən müsahibə alıb.
İlk söhbətimiz “Keşlə”nin kapitanı Slavik Alxasov oldu.
-Komanda daxilində ümumi vəziyyət necədir ?
– İki gündür ki, bir araya toplaşmışıq. Ümumi vəziyyət normaldır, lakin 80 faiz oyunçu komandanı tərk edib, əvəzinə yeni oyunçular gəlib. Buna rəğmən, gələn oyunçularda komandaya alışmaqda əziyyət çəkmir və beləcə, hamımız birlikdə komanda şəkilində yeni mövsümə hazırlaşırıq.
– Geridə qoyduğunuz mövsüm sizin üçün olduqca uğursuz oldu. Bu uğursuzluğun əvəzini yeni mövsümdə necə ödəməyi planlaşdırırsız ?
- Slavik Alxasov
– Bəli, düzgün qeyd etdiz. Ötən mövsüm çox ağır keçdi, ancaq o uğursuzluğu elə ötən mövsümdə qoyduq. Artıq bütün diqqətimizi yeni mövsümə yönləndirmişik. Yeni ruhla, sağlam düşüncə ilə hazırlıq gedir. Plan məsələsinə qalanda hələlik bir neçə futbolçunun komandaya qoşulması gözlənilir. Hələlik tam heyət yığılmayıb. Heyət yığılandan sonra komanda daxilində iclas keçiriləcək iclasda yeni mövsümün hədəfi məlum olacaq.
Minval.info-nun əməkdaşı həmçinin komandanın əsas qapıçısı Rəşad Əzizli ilə də həmsöhbət olub.
– Rəşad, komandada ab-hava necədir? Sən qapıçısısan, qapıdan başlasan yerinə düşər.
– Hər şey yaxşıdır. Biz qapıçılar canla-başla məşq edirik, öz üzərimizdə, yeni mövsümə var qüvvəylə, istəklə, əzmlə çalışırıq. Ümumi komanda yığılıb, mən deyərdim, burada yeni nəfəslər var. Hamı biri-birinə dəstək olur mehribanlıqdır. Kollektiv yaxşıdır.
- Rəşad Əzizli
– Təlim məşq toplanışının ilkin mərhələsi hansı çalışmalar üzrə keçir ?
– Toplanışın ilkin mərhələsindəyik. Bu mərhələ fiziki hazırlıq üzərində qurulub. Bildiyiniz kimi, oyunçular istirahətdən qayıdıb, ona görə fiziki hazırlıq çox önəmlidir.
– Yeni gələn futbolçular komandaya uyğunlaşa bilirmi ?
– Yeni gələn oyunçunun komandaya uyğunlaşmasına yardımı ilk növbədə biz etməliyik. Mən deyərdim, bu sarıdan heç bir çətinlik yoxdur, bayaq söylədiyim kimi, mehribanlıq əla səviyyədədir. İstər yeni, istərsə də köhnə oyunçu olsun, fərq etmir həm baş məşqçi Tərlan müəllim, həm də biz dəstək oluruq ki, oyunçular ruh yüksəkliyi ilə məşq etsinlər, yeni mövsümə ürəklə hazırlaşsınlar. Necə dəyərlər, güc birlikdədir.
Qeyd edək ki, “Keşlə”nin hazırlıq proqramına 4 yoxlama oyunu daxildir. Klub ilk oyununu iyunun 29-da keçirəcək. Rəqibin adı hələlik məlum deyil. “Keşlə”klubundan aldığımız məlumata görə, 7 iyul “Sumqayıt”la,
13 iyul “Zirə” ilə qarşılaşacaq.
Ağa Dadaşzadə / Minval.info



