“Yeni Müsavat” yazdı, Qarabağ qazisinə ev tikildi – FOTOLAR
Salyanın Yolüstü kənd sakini, 2-ci qrup Qarabağ əlili olan Nəsib Qarayev haqqında bir neçə dəfə reportaj hazırlamışdıq. Belə ki, N.Qarayev Qarabağda vuruşub, sol ayağından ağır yara alıb.
İllərlə qoltuq ağacı olmadan gəzə bilməyib. O, 1994-cü ildə ailə həyatı qurub. Bu evlilikdən 4 qızı və 1 oğlu var. Əlil olmasına baxmayaraq çalışıb-əlləşib, övladlarını böyüdüb. Qarabağ qazisi bu günə kimi heç kimin köməyinə ehtiyac duymayıb. Salyanın Yolüstü kəndində, şəraitsiz bir durumda, 1 otaqlı evdə 20 ildən çox həyat sürüb. Onun müdafiəsi üçün vuruşduğu dövlətdən tək istəyi var idi, ailəsi ilə yaşaya biləcəyi ev…
“Yeni Müsavat” qəzeti olaraq hər zaman qazilərimizin, problemlə üzləşən vətəndaşlarımızın yanında olmuşuq. Nəsib Qarayev də onlardan biri idi. Evinə getdik, dərdini dinlədik, çəkdik, yazdıq… Bu proses bir neçə dəfə davam etdi və sonda sevindirici xəbəri elə qazimizin özündən öyrəndik.
Döyüşçümüzün arzusu yerinə yetdi, dövlət tərəfindən qazimizə yeni ev tikilib və o, ailəsi ilə birgə o evə köçüb. Bu barədə sosial şəbəkə hesabından paylaşım edən qazimiz yazır:
“Nəhayət ki, Allaha şükürlər olsun, uzun və çətin illərdən sonra bizim də ailəyə geniş, rahat hər cür şəraiti olan evdə yaşamaq qismət oldu. Bu şəraiti bizə yaratdığına görə ilk növbədə dövlətimizə minnətdarlığımı bildirirəm. Bu evin tikilməsində əməyi olan hər kəsə, o cümlədən Salyan rayon icra başcısı Sevindik müəllimə, müavini Rəşad müəllimə, ƏƏSM naziri Sahil Babayevə, DSMF-nun əməkdaşı Vüqar Behbudova, hər zaman suallarıma səbirlə cavab verən nazirliyin mətbuat katibi Fazil Talıbova, tikinti şirkətinin rəhbərliyinə, “GÜLSAM” Əlillərin Reabiltasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimovaya və mənim ən çətin günlərimdə həmişə yanımda olan başda Rauf bəy olmaqla “Yeni Müsavat” qəzetinin əməkdaşlarına özümün və ailəmin adından təşəkkür edirəm.
Arzu edirəm ki, dövlətimizim imkanları o qədər genişlənsin ki, evsiz qalan bir ailə belə olmasın.
Allah dövlətimizi və xalqımızı qorusun!
Allah bayrağımızı hər zaman uca etsin!”



https://musavat.com/news/qarabag-qazisi-23-ildir-men-sizi-nezere-aliram-bir-defe-de-siz-meni-nezere-alin-fotolar-video_373393.html
https://musavat.com/news/palciq-daxmada-yasamaga-mehkum-edilen-qarabag-qazisi-foto-video_608390.html
Məhəmməd Türkmən
Musavat.com


