“Yol polisi bununla təlimatı pozmuş olur” – FOTOLAR
Azərbaycanda yol polisi sürücünü saxlayarkən avtomobil sahibinin əsayiş keşikçisinin maşınına yaxınlaşması adi hal alıb. Əslində isə bunun əksi olmalıdır. Yəni YPX əməkdaşı sürücünün avtomobilinə yaxınlaşmalıdır.
Nədənsə bu alışqanlıq illərdir davam edir və heç cür həlli yolu tapılmır. Sürücülər hər zaman eyni cür davranırlar. Məsələ ilə bağlı Minval.info nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun fikirlərini öyrənib.
O, bildirib ki, Yol Patrul Xidməti haqqında təlimata görə, polis əməkdaşı avtomobilin dayanması barədə göstəriş verməli və ləngimədən nəqliyyat vasitəsinə yaxınlaşıb özünü təqdim etməlidir. Əks təqdirdə, əsayiş keşikçisi təlimatı pozmuş olur: “Lakin bunun başqa tərəfləri də var. Məsələn, bizdə polis avtomobilə yaxınlaşmamış, sürücü özü YPX maşınına tərəf gedir. Mən bunu sürücülərə tövsiyə etmirəm. Onların belə bir vəzifəsi yoxdur. Amma sürücüyə avtomobildən düşmək qadağan deyil”.
Ərşad bəy qeyd edib ki, bəzi ölkələrdə bu kimi hallar qadağandır. Yəni yol polisi avtomobilin dayanması barədə göstəriş verərsə, sürücü qanunvericiliyə əsasən nəqliyyat vasitəsindən enə bilməz.
Müsahibimiz deyib ki, Azərbaycanda da qanunda dəyişikliklər etmək olar. Lakin bununla belə halların qarşısını almaq asan deyil. Onun sözlərinə görə, təbliğatla aradan qaldırmaq mümkündür.
Cərimələrin tətbiq olunmasına gəldikdə isə Ə.Hüseynov bildirib ki, bu, cəmiyyətdə gərginlik yaradır:
“Qanunla belə halların aradan qalxması üçün hər hansı dəyişiklik edilə bilər. Məsələn, qanunda belə yazıla bilər ki, “Sürücü yol polisi yaxınlaşana qədər avtomobildən enməsin”. Amma cərimələrin tətbiq olunmasına ehtiyac duymuram. Bu, bizim cəmiyyətdə bir növ insanı rəftar kimi formalaşıb”.
Samir Mirzə
Fotolar: Fərid Özay
Minval.info




