Zelenski niyə “Gürcüstan bizi satdı” düşünür – Tiflisin yanlışı, yoxsa…

Rusiya-Ukrayna müharibəsində Gürcüstanın da mövqeyi diqqət çəkdi. Bu ölkənin baş naziri İrakli Qaribaşvili fevralın 25-də kursantların anım mərasimində Gürcüstanın Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalara qoşulmayacağını deyəndən sonra hökumət administrasiyası qarşısında bu mövqeyə etiraz olaraq aksiya keçirildi.

Martın 1-də isə Ukraynanın prezidenti Vladimir Zelenski ölkəsinin Gürcüstandakı səfirini geri çağırıb. Bildirilib ki, buna səbəb rəsmi Tiflisin müharibə fonunda Ukraynaya qarşı sərgilədiyi mövqedir. İndi Ukraynada baş verən hadisələr 2008-ci ildə Gürcüstanda da olmuşdu. Bu ölkənin Avropa İttifaqı və NATO üzvlüyünə qəbul olunacağı vədləri verilirdi. Nəticədə isə Gürcüstan 5 günlük müharibəyə təhrik edildi, bunun da sonunda Rusiya Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanıdı. Gürcüstanın NATO-ya üzvlüyü torpaqların işğal altında olması səbəbindən mümkünsüz olsa da, son aylar Tiflisin də hədəfə çıxarılması nəzərə çarpırdı. Rusiyanın Qərbə şərtləri sırasında isə Tiflisin də NATO-ya üzvlüyü qırmızı xətt kimi göstərilirdi. Ukrayna-Gürcüstan bir çox platformalarda ciddi əməkdaşlıq içərisində idilər. Amma Tiflisin indi “özünü oda” atmaq istəmədiyi ortadadır. Səbəb nədir? Kiyev niyə Gürcüstanın mövqeyindən narazı qaldığını bu cür sərt addımla-səfirini geri çağırmaqla ifadə etdi?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Gürcüstanın Ukraynanı “satmasının əsl səbəbini” açıqladı: “Qafqazın demokratiya adası sayılan Gürcüstan Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmağı rədd etdi. Rəsmi Tiflis bildirdi ki, bu bizim dövlət maraqlarımıza cavab vermir. Rusiya buna görə Gürcüstana təşəkkür edib. Rusiya-Gürcüstan arasında meyvə-tərəvəz, çaxır ticarətinin yaxşı səviyyədə olduğu bildirilir. Yəni Gürcüstan meyvə-tərəvəzə görə Ukraynanı satdı. O Ukraynanı ki, rus-gürcü müharibəsində Gürcüstana hava məkanını vermişdi. Biz deyəndə ki, demokratiyadan da əvvəl ərazi bütövlüyü, dövlət maraqlarıdır. Siyasətdən qandığı qrafaları olmayanlar bizə dil uzadırdılar. Rusiya Gürcüstanın 20% torpağını işğal edib, amma buna rəğmən Gürcüstan Rusiya ilə siyasi-iqtisadi-diplomatik münasibətlərini kəsmir.

Əhəd Məmmədli: “Gürcüstan meyvə-tərəvəzə görə Ukraynanı satdı”

Durub Azərbaycandan tələb etmək ki, Rusiyaya qarşı çıx, bu, axmaqlıqdan başqa bir şey deyil. Gürcüstan açıq bəyan edib ki, yenə rus tanklarını Tiflis yaxınlığında görmək istəmirlər, ona görə də Rusiyaya qarşı çıxış etməyəcəklər. Cənubi Qafqaz ölkələri içində demokratiya əmsalına görə beynəlxalq təşkilatlar tərəfindən həmişə Gürcüstan və Ermənistan Azərbaycandan üstün yerdə tuturdular. Amma həyatın ironiyası elə gətirdi ki, Azərbaycan Ukraynanın çətin günündə ”demokrat” qonşularından daha yaxın oldu”.

Siyasi yazar Kənan Rövşənoğlu Gürcüstanın öz dövlət maraqlarını qoruduğunu söylədi: “Məlumdur ki, Gürcüstanın hələ ”narıncı inqilab” dövründən Ukrayna ilə yaxın əlaqələri olub və bu əlaqələr hazırda da davam edir. İndi həm də hər iki ölkənin Avropa İttifaqı və NATO üzvlüyü üçün birgə addımlaması onları daha da birləşdirir. Lakin Gürcüstan müstəqil dövlətdir, onu idarə edənlər hər hansı qərar qəbul edərkən dövlətin maraq və mənfəətlərini, zərərlərini hesablayıb addım atırlar. Yəni Gürcüstan hər platformada Ukraynaya dəstək verə, yanında ola bilər. Amma məsələ Gürcüstanın öz maraqları və məruz qalacağı zərərlər olanda, əlbəttə, Tiflis ilk sıraya öz dövlət və milli maraqlarını qoyacaq. Dünyada bunun əksi yoxdur. Gürcüstan isə Rusiyadan bir sıra sahələrdə asılı ölkədir.

Kənan Rövşənoğlu: “Tiflis ilk sıraya öz dövlət və milli maraqlarını qoyur”

Ölkə əhalisinin Rusiya ilə ticarəti, Rusiyadan idxal olunan məhsulların həcmi Gürcüstanı sanksiya məsələsində ehtiyatlı olmağa sövq edir. Ukrayna lideri bu məsələdə öz dövlətinin və hazırkı vəziyyətdən çıxış edir. Bir baxımdan haqlıdır, amma Gürcüstanın vəziyyətini də nəzərə almalıdır. Görünür ki, Zelenski də düşünür ki, Tiflisin qərarlarında təkcə milli maraqların deyil, İvanaşvili hakimiyyətinin Rusiya ilə yaxınlığı amili də rol oynayıb. Yəni Zelenski və Ukrayna hakimiyyəti düşünür ki, bu qərarlar subyektiv seçimdir, İvanaşvilinin Rusiya ilə münasibətlərinə görə alınıb. Hər halda, bu barədə mən dəqiq nəsə deyə bilmərəm. Ancaq əgər qərar subyektiv səbəblərlə əlaqədardırsa, o zaman Tiflis yalnız Zelenski deyil, həm də öz xalqı və müttəfiqi olan ABŞ və Avropa İttifaqı qarşısında da hesabat verməli olacaq. Lakin obyektiv səbəblərdən olarsa, o zaman yəqin ki, Avropa müttəfiqlərini nəzərə alacaq”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov hesab edir ki, Gürcüstanda hakimiyyətdə keçmiş prezident Mixail Saakaşvili olsaydı, fərqli qərarlar verilərdi: “Doğrudur, Gürcüstan da separatizmdən əziyyət çəkir. Bu məntiqlə Tiflis Kiyevin yanında olmalı idi. Lakin çəkinir. Və bu da başa düşüləndir. Əvvəlcə Qazaxıstanda, indi isə Ukraynada baş verən postsovet məkanı ölkələrini, o cümlədən Gürcüstanı narahat etməyə bilməz. Kimsə gələcəkdə oxşar hadisələrin Gürcüstanda təkrarlanmayacağı barədə vəd verməyib. Odur ki, rəsmi Tiflis ”Nə şiş yansın, nə kabab” prinsipi ilə neytral davranmağa çalışır. Fikrimcə, Gürcüstanda hakimiyyətdə Mixail Saakaşvili olsa idi, başqa ssenarinin şahidi ola bilərdik. İndiki halda isə Tiflisi qınamaq və bu neytrallığı yanlış kimi qiymətləndirmək doğru deyil. Ən azından ona görə ki, Bakı və Ankara da hələ ki eyni ritorika ilə çıxış edir, tərəfsiz davranır. Hərçənd biz Ukraynanın ərazi bütövlüyünü tanıyır və humanitar yardımımızı əsirgəmirik. İndi postsovet ölkələri arasında fikir ayrılığı ola bilər və bu, təbiidir. Əsas məsələ isə müharibənin nəticəsindən asılıdır. Kreml qalib gəlsə, nəinki Gürcüstana, keçmiş sovet məkanındakı digər dövlətlərə də təzyiqlər artacaq. Yox, bunun əksi olsa, biz, nəhayət, rahat nəfəs ala biləcəyik”.

Siyasət, Vacib

Nəşr edilib: 2022/03/04 10:51

Baxış: 69


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06